Bu gün baş tutan 1/4 final oyununda İspaniyaya oyunsonrası penaltilərlə uduzaraq (1:1, penaltilər seriyası: 1:3) mübarizəni dayandıran İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç matçdan sonra jurnalistlər önünə çıxıb.
Fanat.Az-ın məlumatına görə, 57 yaşlı bosniyalı çalışdırıcı belə danışıb:
"İspaniyanı təbrik edirəm. Qalib gəlməyə çalışdılar, penaltilərlə qələbə qazandılar. Bu, lotereyadır. Təəsüf ki, udan tərəf olmadıq. Komandamla fəxr edirəm. Əlavə vaxt qurtaran kimi, özlərinə qəhrəman olduqlarını dedim. Futbolçumuzun qovulması oyunumuza ciddi şəkildə təsir etdi. Qırmızı vərəqə çox ağır qərar oldu. İngiltərə çempionatında belə epizodlarda "qırmızı" vermirlər. Amma bütün futbolçularımız qəhrəmancasına mübarizə apardılar. Yarımfinalı haqq edirdik...
Qarışıq hisslər burulğanındayam. Bacardığımızı ortaya qoyduq. Şikayət etmirəm, sadəcə, oyunçularımızın önündə şapka çıxarıram. Artıq evə dönməliyik. Qitə birinciliyini qürurla tərk edirik. Başımızı dik tutmağa haqqımız çatır".
Atilla