Bakıda ilk dəfə çıxış edəcək Danimarkanın əsas millisi indiyədək Azərbaycan komandası ilə qarşılaşmasa da, klubu "Kopenhagen” iki dəfə avrokuboklarda "Qarabağ”a rəqib olub.
Fanat.Az tanınmış jurnalist Rasim Mövsümzadənin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, 1998/99 mövsümündə Kuboklar kubokunda danimarkalılara aşkar məğlub olan (0:6, 0:4) "Qarabağ” 2017/18 mövsümündə rəqib meydanında vurulan qol (1:0, 1:2) sayəsində ilk dəfə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı.
Azərbaycan və Danimarkanın futbol əlaqələrinin tarixi isə 1959-cu ildən başlayır. O vaxt "Neftçi” Bakıda Kopenhagenin ən yaxşı komandalarının futbolçularından təşkil olunan və ancaq beynəlxalq yoldaşlıq görüşləri üçün formalaşan "Alliancen”ə 2:1 hesabı ilə qalib gəlmişdi.
Məşhur hakimlərimizdən Tofiq Bəhramov da dünya çempionatının seçmə mərhələsi çərçivəsində 1972-ci ildə Danimarka – Şotlandiya (1:4), Eldar Əzimzadə isə 1977-ci ildə Danimarka – Portuqaliya (2:4) qarşılaşmalarını idarə edib.
Fanat.Az