Ukrayna millisinin hücumçusu Artyom Dovbik AVRO-2020-nin 1/4 final mərhələsi çərçivəsində bu gün keçiriləcək matçdan - İngiltərə yığması ilə oyun barədə fikirlərini bölüşüb.
Fanat.Az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ön xətt oyunçusu belə danışıb:
"İsveçlə oyun başa çatandan bir müddət sonra nə baş verdiyini anladım. Amma indi o uğur keçmişdə qalıb. Səhər oyandım və İngiltərə millisi ilə oyuna hazırlaşmağa başladım. Belə desəm, həyatımda xüsusi dəyişiklik olmadı.
Əlbəttə, İngiltərə yalnız Avropanın yox, dünyanın ən güclü komandasıdır. Heyətdə dünyanın ən güclü liqasında çıxış edən oyunçular cəmləşib. Bu səviyyədə rəqibi ancaq iradə və əsl döyüşçü ruhu hesabına məğlub etmək olar. Bütün gücümüzü meydanda qoyacaq, uğur qazanmağa çalışacağıq".
Dovbik qitə birinciliyinin 1/8 finalında İsveç millisinin qapısına 120+1-ci dəqiqədə yol taparaq komandasını 1/4 finala çıxarmışdı.
Ukrayna - İngiltərə oyunu bu gün, İtaliyanın paytaxtı Romadakı "Olimpiko" stadionunda keçiriləcək. Matçın start fiti Bakı vaxtı ilə 23:00-da səsləndiriləcək.
Atilla