Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Fanat.Az xəbər verir ki, toplantıda Əvəzedicilər Liqasında 7-ci turun oyunlarında yaşananlar müzakirə edilib.
“Sumqayıt-2” – “Turan Tovuz-2” oyununda meydan sahiblərinin 6 futbolçusu sarı vərəqə aldığına görə klub 70 manat cərimələnib. Bundan başqa, "Gənclik şəhəri" təmsilçisi PFL əsasnaməsinin tələblərini pozduğuna görə daha 50 manat ziyana düşüb.
Xəbər verdiyimiz kimi, “Səbail-2” – “Araz-Naxçıvan-2” oyunu Təcili Tibbi Yardım avtomobilinin gec gəlməsi səbəbindən 39 dəqiqə gec başlayıb ki, bu üzdən Bayıl təmsilçisi 100 manat ödəyəcək.
“Qəbələ-2” – “Qarabağ-2” oyununun fasiləsində qonaq komandanın futbolçusu Hüseyn Hüseynli hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizamsız futbolçu bu davranışına görə İK tərəfindən 4 oyun cəza alıb, klubuna 300 manat cərimə kəsilib.
Oyunda xərəkdaşıyan uşaqların sayı Əsasnamənin tələblərindən az olduğuna görə “Qəbələ-2” 80 manat cərimə edilib.