"Qalatasaray" Azərbaycanda yeni layihə həyata keçirməyə başlayıb.
Fanat.Az xəbər verir ki, İstanbul nəhəngi ölkəmzdə uşaq futbol akalemiya açıb.
Bu barədə saytımıza məlumat verən İstanbul klubunun İdarə Heyətinin azərbaycanlı üzvü Emin İmanov "cim-bom"un rəsmi idman akademiyasının artıq fəaliyyətə başladığını, seçim mərhələsinin start götürdüyünü deyib. O, hazırda Azərbaycanda idman məktəbləri açmaq layihəsi üzərində işlədiklərini bildirib:
Əslində, “Qalatasaray” bu layihəyə keçən il başlayıb. Bundan əvvəl “Qalatasaray”ın futbol, voleybol, basketbol məktəbləri var idi. Biz qərara gəldik ki, bu məktəbləri “Qalatasaray” idman məktəbi adı altında birləşdirək və təhsil mərkəzləri ilə müqavilə bağlayaraq burada idman məktəbi açaq. Çünki “Qalatasaray” təkcə futbol klubu deyil, həm də Türkiyənin böyük idman klublarındandır. Biz bu layihəni Türkiyədə başlatdıq. Ondan sonra Şimali Kiprdə davam etdirdik. 3-cü ölkə olaraq Azərbaycanda bunu layihə olaraq planlaşdırdıq. Hazırda Bakı şəhərində bu işə başlamışıq”.
Artıq 3 təhsil müəssəsi ilə razılıq əldə olunub: “Bunlar 20 nömrəli məktəb, 23 nömrəli məktəb və Heydər Əliyev adına Müasir Təhsil Kompleksidir. Hətta Tofiq Bəhramov adına stadionun mini meydançasına cavabdeh şəxslərlə də danışdıq. Burda basketbol, futbol, voleybol üzrə dərslər veriləcək. İnşallah, gələcəkdə yüngül atletika və üzgüçülük üzrə də dərslər nəzərdə tutulur. Dərsləri Türkiyədən gələn və eyni zamanda Azərbaycanın tanınmış mütəxəssisləri keçəcək. Voleybolda Alla Həsənova kimi Azərbaycanın məşhur mütəxəssisi dərs deyəcək. İdman akademiyasıma "Qalatasaray"a çox xidməti olmuş Turqay Zeytingöz başçılıq edəcək. Hazırda qeydiyyatlar başlayıb. Bakıda fəaliyyətə başlasaq da, gələcəkdə Azərbaycanın Sumqayıt, Gəncə, Lənkəran kimi böyük şəhərlərində də bu layihəni həyata keçirməyi planlaşdırırıq. Bizim ən böyük hədəfimiz Azərbaycanın idman sektoruna kömək etməkdir”.
Emin İmanov futbola aid planlar haqda da söz açıb: “Məktəbdə voleybol, basketboldan başqa futbol məktəbi də olacaq. Futbolla aid planlardan biri də odur ki, "Qalatasaray"ın rəsmi fan şopu açılacaq. Bununla bağlı yer axtarışlarımız davam edir”.