Misli Premyer Liqasının 32-ci turu çərçivəsində bu gün keçirilən matçda "Qəbələ"ni 1:0 hesabı ilə məĝlub edərək elitada qalmaq işinin öhdəsindən gələn "Kəpəz"in baş məşqçisi Adil Şükürov görüşün ardından ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, önəmli qarşılaşma haqda fikirlərini bölüşən mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:
- Bu qələbəni bizə bəxş edən Allaha sonsuz şükürlər olsun. "Kəpəz" azarkeşlərinin hər birinə təşəkkür edirəm. Futbolçularımız meydanda əzmkarlıq nümayiş etdirdilər, sonadək mübarizə apardılar. Onların da hər birinə minnətdaram.
- Siz komandanın "sükanı arxası"na gətiriləndə "Kəpəz" aşağı liqaya düşməyə ən real namizəd sayılırdı. Vəziyyəti dəyişə bilməyinizə nə yardımçı oldu?
- İşimizin ohdəsindən gəlməyimizdə hamının əməyi var. Əsas olan birlikdir. Biz hər şeydən öncə birləşməyi bacardıq və şadam ki, minimum hədəfimizə çatdıq.
- Artıq növbəti mövsümə elitada başlayacağınız rəsmiləşdi. Sonrakı çempionat matçlarında az oynayan futbolçulara şans verəcəksiniz?
- Əlbəttə, Premyer Liqada qalacağımız dəqiqləşdi. Ancaq bizim hər oyun üçün müəyyən planlarımız var. Az oynayanlara da şans verməyə çalışacağıq. Diqqət yetirmisinizsə, bu yöndə də addımlar atırıq.
Nihat