Misli Premyer Liqasının 33-cü turunda öz meydanında "Neftçi"ni 5:0 hesabı ilə məğlub edən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis görüşü belə şərh edib:
"Futbolçularımı təbrik edirəm. Azarkeşlər üçün maraqlı oyun oldu. Oyundan razı qaldım. Amma daha da səliqəli oynamalıyıq. Çünki futbol səhvləri bağışlamır. Rəqib istifadə edə bilərdi. Bəsit səhvlər etdik. Buna baxmayaraq, oyun intizamı var idi, futbolçular istəkli idilər. "Neftçi"yə uğurlar arzulayıram.
Elə oyunlar var ki, daha da çox hazırlaşırıq. Ümumiyyətlə meydana motivasiyasız çıxmaq düzgün deyil. "Neftçi"yə gəldikdə, bəlkə də komandamı ən az bu rəqibə
qarşı motivasiya edirəm. Çünki futbolçular istər-istəməz dərk edirlər. Çempionatda ən çox maraq olan oyun "Neftçi" ilə "Qarabağ" arasında olan matçlardır. Tam bizdən asılı olan bir şey deyil. Sadəcə, belə uğurlu seriya alındı. "Neftçi" ilə görüşlərdə əlavə nəsə demirik".