"Neftçi"nin futbolçusu Rza Cəfərov Misli Premyer Liqasının 33-cü turunda "Qarabağ"la oyundan (0:5) sonra jurnalistlərə açıqlama verib.
Fanat.Az xəbər verir ki, 20 yaşlı qapıçı ilk öncə oyunla bağlı fikirlərini bildirib: “Deyəcək heçnə yoxdur. Gördüyünüz kimi. Qələbə üçün çıxmışdıq, amma alınmadı”.
“Neftçi”nin bu uğursuzluğunun səbəbini nədə görürsünüz?” sualına o, belə cavab verib: “Mən meydana çıxıb öz işimi görməyə çalışıram. Başqa heç nə deyə bilmərəm. Öz oyunumdan danışsam, 5 dənə qol buraxmışam, necə qiymətləndirə bilərəm? Çox pis”.
Rza Cəfərov bu nəticənin, onların çağırışı ilə tribunaya dönən azarkeşlərə pis təsir edəcəyini vurğulayıb: “Biz də çox məyusuq. Onlar da tribunaya təzə qayıtmışdılar. Nəticənin belə olması həm onlar üçün pis oldu, həm klub üçün. Üç tur qalıb. Onları qazana bilsək, yaxşı olar”.
O, Yuri Matiasın 79-cu dəqiqədə aldığı qırmızı vərəqə haqda da danışıb: “Orda mümkün ofsayt epizoduna görə hakimə narazılıq bildirdi. Mən uzaqdan yaxşı görmədim, çatmadım ora. Yəqin ki, etirazla əlaqəli olar”.
Sonda R.Cəfərov heç bir kluba getmək fikri olmadığını bildirib.
Nahid Ustaclı