Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Araz-Naxçıvan" səfərdə "Sabah"la qarşılaşıb. Görüş qonaq komandanın minimal hesablı 0:1 məğlubiyyəti ilə yekunlaşıb.
Muxtar Respublika təmsilçisinin moldoviyalı qolkiperi Kristian Avramla əlaqə saxlayıb suallarımızı cavablandırmasını istədik.
Onun Fanat.Az-a müsahibəsini təqdim edirik:
- Komandanızın qeyri-sabit oyununu nə ilə əlaqələndirirsiniz?
- Oyunumuzun qeyri-stabil olduğunu deyə bilmərəm. Çox yaxşı oynayırıq və komandamız həmişə sona qədər mübarizə aparır.
- Sizcə, baş məşqçi dəyişikliyi komandanızda müsbət dəyişikliklərə səbəb olub?
- Baş məşqçi komandaya öz fəlsəfəsi ilə gəlib. Yeni bir şey həmişə komandaya təkan verir.
- Hazırda motivasiyanız nə yerdədir?
- Biz peşəkarıq. Yüksək səviyyəli futbolçularımız var. Məncə, motivasiya ilə bağlı heç bir problemimiz yoxdur.
- Son oyunda buraxdığınız qolu necə şərh edərdiniz? Belə bir zərbə gözləyirdiniz?
- Mən qapıçıyam və həmişə rəqibimdən zərbə gözləyirəm. Quliyevin də zərbəsi istisna deyildi. Amma biz ona qiymət verməliyik, yaxşı iş gördü və nə qədər qəribə səslənsə də, gözəl qol vurdu. Məşqlərdə daha da yaxşı işləməyə davam edəcəyəm.
- Mövsümün sonunda komandadan ayrılacağınızla bağlı xəbərlər var. Bu məlumatlar nə dərəcədə həqiqəti əks etdirir?
- Mən hələ ki, komandadayam. Gələcəyimlə bağlı mövsümün sonunda qərar verəcəyəm.
Nahid Ustaclı