Birinci Liqanın sonuna cəmi 3 tur qalıb. Çempionluq mübarizəsində "Qaradağ Lökbatan" hamıdan öndədir. Lider mövqeyində qərarlaşan və ən yaxın izləyicisindən 4 xal irəlidə olan komanda Premyer Liqaya can atır. Amma lökbatanlıların qayğıları da yetərincədir. Belə ki, idman prinsipləri qorunacağı təqdirdə, böyük ehtimalla Premyer Liqada oynayacaq komandanın ev oyunlarını keçirəcəyi stadionun adına hələ aydınlıq gəlməyib.
Məsələ ilə əlaqədar Lökbatan təmsilçisinin icraçı- direktoru Bəbir Həsənovla əlaqə saxlayıb fikirlərini öyrəndik.
Həsənovun Fanat.Az-a açıqlaması belə oldu:
"Konkret hansısa stadionun adını deyə bilmərik. Bu yöndə danışıqlarımız baş tutub. Daha öncə Gənclər və İdman Nazirliyinə məxsus Tofiq Bəhramov adına Respublika stadionu, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin adını daşıyan Bayıldakı "ASCO Arena" və "Dalğa Arena"dan rədd cavabı almışıq. Yenə də axtarışlar davam edir. Danışıqlar bitsin, oynayacağımız stadionun adını deyə biləcəyik. Yayda öz stadionumuzun təmiri ilə bağlı planımız var. Bakıda stadion tapılmasa, yaxın rayonların birində məskunlaşıb müvəqqəti ev oyunlarımızı orada keçirəcəyik".
Nahid Ustaclı