13:11 09.09.2019 2251

“Heç kim, heç bir halda jurnalist azadlığımı satın ala bilməz” - Rəşad Ergün

"Komanda.az" saytının baş redaktoru Rəşad Ergünün Sport7.az saytına müsahibəsi

Rəşad Ergün 1 yanvar 1982-ci il tarixində uca dağlar arasında yerləşən Yardımlı rayonunun Təzəkənd kəndində anadan olub. Onun mətbuata gəlişi 1999-cu ilin payız aylarına təsadüf edir. Ardını özü danışır...

- Mətbuatda işə birbaşa jurnalist olaraq yox, korrektor kimi başlamışam. Bir il korrektor işlədikdən sonra "Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmliyə özümü jurnalist kimi sınamaq istədiyimi bildirdim. Müsbət rəy verildikdən sonra başladım jurnalist kimi fəaliyyət göstərməyə. 6-7 ay müddətində jurnalist kimi çalışdıqdan sonra getdim hərbi xidmətə. Əslində, mənim jurnalist kimi fəaliyyətim elə hərbi xidmətdən sonra başlayıb. Ona kimi isə sadəcə olaraq qəzetçilik, jurnalistikanın nə olduğu barədə təsəvvürüm yaranmışdı.

 

 

- Həmin illəri neçə xatırlayırsınız?

- 2001-ci ildə əsgərliyə gedib, 2003-cü ildə geri döndüm. Yenidən "Futbol+” qəzetinə qayıtdım. Ancaq mən geri qayıdanda artıq heyət dəyişmişdi. Köhnə kollektivdən Elnur Məmmədli, İlkin Fikrətoğlu, Anar Şabanoğlu kimi jurnalistlər artıq getmişdi. Yeni heyətdə isə Mehman Süleymanov, Kənan Həsənov kimi jurnalistlər var idi.

 

"Futbol+" qəzetində uzun müddət işlədim, 2008-ci ilə qədər... Son bir ildə, yəni 2007-2008-ci illər aralığında artıq redaktor vəzifəsində çalışırdım. 2008-ci ildə "Trend İnformasiya Agentliyi”ndə də idman şöbəsində çalışmağa başlamışdım.

- Bəs nə baş verdi ki, "Futbol+" qəzetindən ayrıldınız?

- Müəyyən problemlər, anlaşılmazlıqlar oldu, qəzetdən ayrılmaq qərarına gəldim. Orada işlədiyim müddətdə qəzetə gətirdiyim və ya redaktor olduğum vaxtda geri dönən jurnalistlər var idi. Mən işdən ayrılanda onlar da mənimlə birgə "Futbol+" qəzetindən çıxdılar. Onların arasında Natiq Muxtarlı, Kənan Məstəliyev, Pərvin Kazımoğlu var idi.

 

 

- Və "Komanda" qəzetini yaratmaq qərarına gəldiniz?

- Bir ay işsiz qaldım. Daha sonra qərara gəldik ki, öz qəzetimizi, sənin də bir müddət işlədiyin "Komanda”nı yaradaq. 2008-ci ilin may ayında "Komanda" qəzetini təsis etdik. Bu qəzet çox çətin şərtlər altında yarandı. Hərdən Kənan Məstəliyev keçmiş günləri xatırladır (gülür)... Qəzetin çapı üçün əlimizdə heç bir maliyyə resursu yox idi. Hətta qəzetin ilk sayı üçün tanış bir oğlandan borca pul almışdıq.

- Hər halda, hər dəfə borc alaraq qəzet çap etmək mümkün olmazdı. Hardansa dəstək oldumu?

- Qəzetin ilk günlərində bizə çox böyük dəstəyi Zahir Əzəmət verdi. O zaman "Alma” qəzeti çıxırdı. Onu da əlavə edim ki, "Alma" qəzetində də işləmişəm. Qəzet yaranandan bağlanana kimi orada çalışmışam. Bir müddət "Komanda" qəzetini onların ofisində çıxartdıq, texniki imkanlarından istifadə etdik. Bizə lazım olan şəraiti yaratmışdılar. Hətta "Alma” qəzetinin dizayneri Bəhruz da "Komanda”nın yığılmasında bizə çox böyük köməklik edirdi. Onların dəstəyini heç vaxt unutmayacam.

2008-ci ildə yaranan "Komanda" qəzeti 2014-cü ilə qədər yaşadı. Çox böyük əziyyətlərlə yaşadı. Hərdən bu qəzet üçün çəkilən əziyyətlər yadıma düşəndə o ağırlığı indi də hiss edirəm. Çox çətin dövrlər yaşamışıq. Dəfələrlə yazmışam, qəzetçilik Azərbaycanda o zaman tamamilə öldü ki, metro stansiyalarında qəzetlərin satışına qadağa qoyuldu. Ondan sonra kollektivlə məsləhətləşərək qərara gəldik ki, qəzeti artıq bağlamaq lazımdı. Çünki oxucu kütləsinin çoxu metro istifadəçiləri idi. Metrolarda qəzetin satışı qadağan olunduqdan sonra büdcəmizə də təsir etmişdi. Çünki qəzetin çap xərcini metro satışı ödəyirdi. O da bağlanandan sonra qəzet çıxarmağın mənasının olmadığı düşündük.

 

 

- Beləcə, qərar verdiniz ki, "Komanda" qəzetini "Komanda.az" saytına çevirəsiniz...

- Bəli, sayt yaratmaq qərarına gəldik. Azərbaycanda sayt işlətmək rahatdır. "Futbol+”in müəyyən maliyyə problemləri var, KİVDF onlarapulayırmır. Mən "Futbol+” qəzetinin kollektivini anlayıram, onlara necə çətin olduğunu başa düşürəm.

- İllərcə qəzet rejimində işləyən biri olaraq sayt rejiminə keçəndə çətinlik yaşadınızmı? Ümumiyyətlə, qəzetçilik lə onlayn mətbuatı müqayisə edərdiniz...

- Qəzet çıxarmaq sayt işlətmək qədər asan deyil. Qəzetin böyük xərcləri, böyük məsuliyyəti var. Amma sayt işi asandır. Dünyanın istənilən ölkəsinə get, oradan telefonla saytı idarə edə bilirsən.

2014-cü ildən sonra şəxsən mənim həyatımda, jurnalistika fəaliyyətimdə sakitçilik yarandı, hər şey öz axarına düşməyə başladı. Ancaq qəzet dövründə tamam başqa idi. Qəzet çıxarılanda sadəcə yaradıcılıq tərəfini fikirləşmirdim, onun çap xərcləri vardı, kompüter xarab olurdu, usta çağırmaq lazım olurdu və başqa qayğılar... Çox böyük əziyyətləri var idi. Kənan Məstəliyev gedirdi "Neftçi" - "Xəzər Lənkəran" oyunundan reportaj hazırlamağa, oradan qayıdıb qəzeti çap etdirmək üçün gecə mətbəəyə gedirdi. Yəni bir işçi eyni zamanda bir neçə işi görürdü. Çox ağır günlər idi. 2014-cü ildən sonra vəziyyət bir az düzəldi, sakitlik yarandı.

Qəzetlə bağlı bir şeyi də deyim ki, "Komanda” Azərbaycanın idman mətbuatında tənqidi baxımdan ən radikal qəzet idi. Hətta buna görə bəzən bizim özümüzü də tənqid edirdilər. Ki, siz hər şeyi qara görürsüz. Amma zaman göstərdi ki, biz tənqidlərimizdə haqsız deyildik. Berti Foqts Azərbaycan millisinə baş məşqçi təyin olunanda bəlkə də ən çox mən tənqid etmişəm. Elə sona qədər də tənqid etdim. Halbuki onu çoxu müdafiə edirdi ki, Foqts belə edəcək, Azərbaycan millisinə bunları qazandıracaq... Yazmaqdan əllərimiz yorulurdu ki, bu adam heç nə qazandırmayacaq, sadəcə Azərbaycan neftinin pullarını göyə sovuracaq. 6 ildən sonra Xorvatiyaya biabırçı məğlubiyyətdən sonra qaçdı. Hə, o zaman Foqtsu müdafiə edənlər başladılar onu tənqid etməyə. Halbuki biz onu tənqid edəndə deyirdilər ki, siz hər şeydə qara axtarırsız.

Mən indi də yazıram, deyirəm, Azərbaycan milli komandasına bu qədər yüklənməyin mənası yoxdur. Bu gün də legioner limitinə görə fikir ayrılıqları yaranır. İnsanlara baxıram və təəccüblənirəm ki, bu qədər məntiqli, ağıllı adamlar necə başa düşə bilmirlər ki, legioner limitinin Azərbaycan futboluna heç bir xeyri yoxdu. Biz bunları yaşamışıq axı. Azərbaycanda yaxşı futbolçu olsa, gedib xaricdə oynayar, xarici klublardan təklif alar. Baxın, "Qarabağ"ın heyətində kimlərə təklif gəlir? Zubiri istəyirlər. Mahir Emrelinin isə sadəcə adı hallandı. Mahir bir oyun yaxşı oynayır, ikinci oyunda isə bərbad. Oyununda sabitlik yoxdur. Xaricilər də görür ki, futbolçu sabit oyunçu deyil. Yenə həmin məsələ, leginer limitini tənqid edirik deyə, kənardan hər şeydə qara axtaran kimi görünürük. Əslində qara axtarmırıq. Mən azərbaycanlı futbolçunun, Azərbaycan insanının potensialını bilirəm deyə, fikir bildirirəm. Fikir bildirirsən, yazı yazırsan, başqa cür anlayırlar.

- Hələ ki, mətbuatla bağlı suallarım var. Onlara davam edim. Bayaqdan ağlımda bir sual var. "Komanda” qəzetini yaranandan sonra "Futbol+”ə rəqib ola bildiniz?

- Bu barədə dəqiq bir söz deyə bilmərəm. Bəlkə də, hə. Bir ara çox yaxşı dövrümüz oldu. Bizdə bir rubrika var idi – "Kurtlar Vadisi AFFA”, yaxşı rubrika idi, çox səs salmışdı.

Kənan Məstəliyevyaxınlarda"facebook"da "Komanda"nın "Casus” rublikasından yazı paylaşmışdı. Bu rubrikanın mahiyyəti ondan ibarət idi ki, jurnalist azarkeşlərin arasında oyuna gedirdi. Bu gün bunu kim edir? Heç kim.

Jurnalistləri küçə sorğusuna göndərirdik. Rövnəq Abdullayevin şəklini insanlara göstərirdilər ki, siz bu adamı tanıyırsızmı? Hamı "SOCAR-ın prezidentidir” deyirdi, ancaq heç kim AFFA-nın prezidenti olduğunu xatırlamırdı və ya bilmirdi. Başqa layihələrimiz də olurdu.

Bir dəfə Hakimlər Komitəsinin keçmiş sədri Xaqani Məmmədovun şəklini falçıya göstərmişdik... (gülür) Onda da aləm qarışmışdı bir-birinə. Bizim çox maraqlı rublikalarımız var idi. "Futbol+”ə yəqin ki, zaman, dövriyyə məsələsində uduzurduq. Biz həftədə bir dəfə çıxırdıq - müəyyən müddətdə iki dəfə - ancaq "Futbol+” daim çıxan qəzet idi. Zaman baxımından bəli, uduzmuşuq. Amma mövzu baxımından məncə, yox.

- Bəs qəzetdə yayımlanan bu rubrikaları saytda da davam edə bilirsiniz?

- Açığı, yox. Saytın imkanları ilə qəzetin imkanları bir deyil. Hərdən uşaqlarla oturub söhbət edəndə deyirdik ki, biz o enerjini, o gücü hardan alırdıq? İndi o istək qalmayıb sanki. Bəlkə də, həm Azərbaycan futbolunda vəziyyət bir az fərqli idi, həm də idman mətbuatı bu günə düşməmişdi. O vaxtlar azad sözə daha çox qiymət verilirdi. Sayt yaranandan sonra ara-sıra öz yazılarım olur, başqaları da bizim sayta yazırlar, ancaq yenə də, qəzetlə bir deyil.

 

 

- Sizcə, bu həvəssizliyin səbəbi nədir - maliyyənin az olması, yoxsa artıq ölkə futbolunda durğunluq yaşanması ilə bağlıdı?

- Rəqabətsizlik. "Komanda” çıxan vaxtlarda rəqabət var idi. Mənim hədəfim "Futbol+”dən daha yaxşı qəzet çıxarmaq, "Çempion"dan, "Het-trik”dən daha yaxşı olmaq idi. Ortada iş var idi və sən onlardan daha yaxşı olmağa çalışırdın. Hamıya sübut etmək istəyirdin ki, sən ən yaxşısısan. Amma bu gün saytlara baxıram, rəqabət deyilən heç bir şey qalmayıb. Oxucu girib eyni məlumatı bütün saytlardan oxuya bilər. Çox az hallarda bu gün siz bir sorğu, müsahibə verirsiz, sabah mən bir sorğu, müsahibə verirəm. Qəzetçilikdəki rəqabət yoxdur.

- Elə söz açılmışkən, idman mətbuatının hazırki səviyyəsindən, müsbət və mənfi tərəflərindən də bəhs edin.

- 90-cı illərin sonu, 2000-lərin əvvəli ilə müqayisədə idman mətbuatının durumu xeyli yaxşılaşıb. İndi hər kəsin "notebook"u, kompüteri var. O vaxt bir kompüterdə beş nəfər oturub işləyirdik. Ona baxanda texniki baxımdan indi vəziyyət yaxşıdı. Elə maliyyə baxımından da o dövrlə müqayisədə yaxşıdı. Amma ümumiyyətlə, susqunluq var. Arada deyirlər ki, o vaxtlar yaxşı jurnalistlər var idi, indi yoxdu, çəkisi olan jurnalistlər azdı. Maddi baxımdan, texniki baxımdan əvvəlki illərə baxanda yaxşıdı, amma hə, baxırsan ki, çəkisi olan jurnalistlər azdı. Futbolla müqayisə edək də. Bu gün yüzlərlə azərbaycanlı futbolçular var, amma onların arasında Vidadi Rzayev, Yunis Hüseynov, Nazim Süleymanov yoxdu. Eyni şey jurnalistikada da var. Yaxşı qələmi olan jurnalistlər var idi, bu sahədən uzaqlaşdılar, bəziləri televiziya sahəsinə getdi. Siz də bilirsiz ki, televiziya sahəsi ilə yazılı və elektron mətbuat bir deyil. Sən saytda deyə biləcəyin sözü televiziyada deyə bilmirsən. Bu baxımdan vəziyyət pisdi. Futbolda olduğu kimi, jurnalistikada da eyni vəziyyətdi. Adlı-sanlı jurnalistlər, yaxşı yazan adamlar çox azdı. Bu gün üç-dörd jurnalist olar ki, onların yazılarına baxıram. Qalanına baxırsan, eyni, sıradan yazılar.

- Sizcə yaxşı jurnalistlər niyə yetişmir?

- Çoxu bunun səbəbini mətbuatın özünə bağlayır. Amma mən düşünürəm ki, əsas problem bizim təhsilimizdədir. İndiki gənclər həm də çox az oxuyur. İnsanların həyatına telefon, sosial şəbəkə həddən çox daxil olub, daha kitab oxumurlar. Düzdü, bir tərəfdən insanları da qınamaq olmur, beyin informasiya ilə yüklənir. Adicə "facebook"u açırsan, bir dəqiqənin içində bəlkə də 10 informasiya görürsən qarşında. Bəlkə, gənclər dediyim o rəqabətsizlik mühitində olduqları üçün də yaxşı jurnalistlər yetişmir aralarından.

Jurnalistikaya yeni başlayanda səhər gəlib yazılarımı yazıb, axşam verirdim qəzetə. Səhifədə çıxarıb, üstündə səhvlərimizi düzəldirdilər. Sabahısı günü redaksiyaya gələn kimi kağızı götürüb, baş redaktorun və ya korrektorun hansı səhvlərimi düzəltdiklərinə baxırdım. Və belə-belə öyrənirdim. Bilirdim ki, mənim sahəm artıq bu olacaq, həyatımı buna bağlamışam. İnsanlar bəlkə də öz həyatlarını jurnalistikada görmürlər, keçici baxırlar. "Bu gün burada günümü keçirdim, sabah başqa pullu sahəyə keçərəm" deyə, düşünürlər. Bir də, jurnalistikada romantika qalmayıb, fədakarlıq etmək yoxdu. Əslində, bu gün insanlardan fədakarlıq etmələrini də tələb edə bilmərik. İndi hər şey "fast food” yeməkləri kimidir, beş dəqiqənin içində hazır olmalıdı.

- Qəzetdə işlədiyimiz vaxtlarda böyük materiallar hazırlayırdıq, nəsə öyrənirdik. Ancaq indi günə bir dənə müsahibə, hətta həftəyə bir dənə müsahibə verən saytlar var. Oturub hansısa istinad xəbərlərini "copy paste" edib, adminə qoymaqla jurnalist yetişməz. Artıq yeni nəsil jurnalistikanı "copy paste" xəbərləri adminə qoymaqda sayırlar. Özünü inkişaf etdirmək marağı yoxdu, admin işi gənclərin yaxşı jurnalist olmaq potensialını azaldır. Bu mənim subyektiv fikrimdi.

- Başa düşdüm sizi. Haqlısız... Bizim redaksiyaya da gənc jurnalistlər gəlirlər. Görürəm ki, qəzetdə öyrətməklə saytda öyrətmək fərqli şeylərdi. Qəzetdə öyrənmək perspektivi həddən artıq yüksəkdi. Qəzetdə sorğu üçün uşaqları göndərirdik küçəyə, insanlarla ünsiyyətdə olurdular. Diktafon uzatmaq, insanlarla ünsiyyətdə olmaq, Kənan Məstəliyev kimi azarkeşlərin arasına girib oyundan reportaj hazırlamaq başqa jurnalistikadı, zəng vurub Ağasəlim Mircavadov, Nazim Süleymanov, Vaqif Sadıqovdan fikir öyrənmək, jurnalistlərin arasında oturub 3-4 cümlə yazmaq başqa bir şeydi.

Qəzetdə reportaj olurdu. Saytda reportaj yazmırıq axı. Oyun bitdi, hesab neçə oldu, heyətləri, qolları yazırsan, vəssalam... İş budur. Gənclərin özlərinin üstünə böyük yük düşür, oxumalıdırlar. Jurnalist olmaq istəyirsənsə çox oxuyun! Xarici ədəbiyyatı, yerli ədəbiyyatı oxuyun.

- Keçək mətbuatın maliyyə məsələsinə. Əvvəllər klub sayı çox olanda, klublarda maddi imkan yaxşı olanda reklam verənlər çox idi. "Bakı", "Xəzər Lənkəran", və digər klublar yüksək məbləğdə reklam verirdi. Amma indi idman mətbuatında gəlir çox aşağıdı. Demək olar ki, saytlar özlərini güc-bəla ilə dolandırırlar.

- Razılaşmaq olar. Klub sayı çox olanda mətbuatın reklam əməkdaşlığı arealı da genişlənirdi. Sayt rəhbərləri bilirlər ki, vəziyyət nə yerdədir. Azərbaycanın idman mətbuatı xoşagəlməz durumdadı. Açıq deyim, mənə görə sayt, qəzet klubdan gedib reklam almamalıdı. Amma iş elə gətirib ki, Azərbaycanda əməkdaşlığın əsası bu cür qoyulub, sən gedib klubdan reklam almalısan. Jurnalist gedib kluba deməməlidi ki, mənə reklam ver. Klub özü maraqlı olmalıdır ki, mən sizinlə əməkdaşlıq etmək istəyirəm. Bəlkə də, heç klub da etməməlidi. Avropada belə bir şey yoxdu, "Barselona” gedib hansısa sayta desin ki, al, mən sənə bu qədər pul verirəm, sən də mənim loqomu sayta yerləşdir, bu, çox absurd görünür. Azərbaycanda reklam bazarı yoxdu. Söhbət təkcə idman mətbuatından getmir, ümumilikdə Azərbaycan mətbuatında reklam bazarı yoxdu. Bu da böyük bir qüsurdu.

O zaman "Komanda” qəzetində Rəsul Şükürsoy marketinq işlərini həyata keçirməyə çalışırdı, çox da həvəsli idi. Əməkdaşlıq üçün hardasa 50-yə yaxın şirkətin qapısını döydü. O 50 şirkətin biri də ona müsbət cavab vermədi. Təkcə "Komanda” yox, başqa qəzetlər də getsə, yenə də eyni şeyi deyəcəklər. Çünki maraqlı deyillər. Azərbaycanda reklam bazarı sıfır səviyyəsindədi.

Bu gün bir klub reklamı kəsəcək, sabah o biri reklamı kəsəcək, birisi gün də digəri. Bu hal mətbuatın öz içində də qarşıdurmaya gətirib çıxardıb. Başqa bir problem də ondan yaranır ki, sənin sayt yaradıb, yaxşı heyət qurmağa güvənin, inamın yoxdu. Sənə kim zəmanət verəcək ki, bir il ərzində sənin bu qədər reklam gəlirin olacaq? Heç kim.

Bizdə elə klublar var ki, baxmayaraq müqavilədə müəyyən şərtlər var, reklam müqaviləsini birtərəfli şəkildə dayandırır. Heç xəbər də vermir ki, mən səninlə reklam müqaviləsini dayandırmışam. Yəni, Azərbaycanın idman mətbuatına, jurnalistlərə, jurnalistikaya, qəzetlərə, saytlara bu dərəcədə saymazyana münasibət var. Klubarın çoxu çox saymazyana münasibət göstərir.

 

- Klub sayı çoxalanda onların özləri arasında çempionatda olduğu kimi mediada reklamlarına görə rəqabət var idi. İstəmirdilər özləri haqqında tənqid yazılsın. Və qonşudan geri qalmamaq üçün bütün KİV-lərə reklam paylayırdılar. Klubların sayı azaldıqca, artıq belə bir düşüncə yarandı ki, onsuz da məndən başqa reklam verən yoxdu və pul kəsilər deyə yazmayacaqlar. Belə olanda da mətbuatın səsi qısılır. Artıq bir-iki klubdan asılı qalırlar deyə, gördükləri şeyi də yaza bilmirlər.

- Röya xanım, bunların ikisi də çox eybəcər variantdı. Nə klub jurnalistdən, nə də jurnalist klubdan asılı vəziyyətdə olmamalıdı. Ümumiyyətlə, jurnalistika bu deyil. Mən axı niyə klubdan asılı vəziyyətdə olmalıyam və yaxud da klub məndən? Başqa cür asılı vəziyyətdə ola bilər. Məsələn, məqam olar ki, sən tənqid edərsən və səndən çəkinər. Ümumiyyətlə, bütün sahələrdə çalışanlar jurnalistdən çəkinməlidirlər. Jurnalist həqiqətləri yazırsa, ondan çəkinmək lazımdı. Yox, bir klub pul verirsə və mən həqiqətləri yazmayacamsa, bu, artıq faciədi.

- Artıq elə bir vəziyyətə gəliblər ki, jurnalistlər reklam aldığı yerdən çəkinirlər. Çünki deyirlər reklam kəsilər, qalaram çətin vəziyyətdə...

- Belə deyək də, klublar çox saymazyana münasibət göstərir və hardasa jurnalistlərə dilənci payı kimi pullar verirlər. Və fikirləşirlər ki, mənim verdiyim bunun üçün bəsdi, hələ çoxdu. Onsuz da başqası vermir, mən verirəm, hətta bunu verməyə də bilərəm. Bu fikirlər var. Təki buna bir çıxış yolu tapılsın. Düzü, inanmıram... İndiki vəziyyətdə bu durumdan çıxış yolunun nə olacağına dair heç bir variant ağlıma gəlmir. Media Komitəsinin dövründə bir az müəyyən ümidlər var idi. Amma o da özünü doğrultmadı.

- "Komanda” Media Komitəsindən dəstək alırdı?

- Müəyyən layihələr, mövzular açıqlanırdı və o mövzulardan birini götürüb işləyirdik. Həmin işin sayəsində bizim əməkdaşımız, hazırda "Sabah” futbol klubunun mətbuat xidmətinin rəhbəri olan Elnur Həmidov "İlin jurnalisti" seçilmişdi. Çox yaxşı işləyirdi. Azərbaycanda elə klublar, elə futbol bölgələri var idi ki, Elnur gedib onları tapıb işləyirdi. Dağılmış klublardan tutmuş, uşaq futboluna kimi.

Əslində Media Komitəsi iş olaraq yaxşıydı. Tutaq ki, 500 manat pul verir və 500 manatın müqabilində ortaya iş qoyursan. Media Komitəsinin idarə heyəti vardı və sən bilirsən ki, işini doğrudan da qiymətləndirirlər. Az-çox rəqabət mühiti var idi. Fikirləşirdim ki, Media Komitəsi ilə əməkdaşlıq edim və üzərimə götürdüyüm yazılar başqalarından daha yaxşı olmalıdır. Maksimum şəkildə çalışırdıq.

Media Komitəsi ilə bağlı bir şey də var idi, demişdim ki, bizim saytımızda AFFA rəhbərliyi tənqid olunacaq, mənə bir söz deyilsə ki, tutaq ki, Elxan Məmmədov və ya filənkəs tənqid olunmasın, əməkdaşlığı dayandıracam, layihələrdən imtina edəcəm. Bunu komitənin İdarə Heyətinin üzvlərinə demişdim. Və həqiqətən də, heç bir halda, heç bir zaman deyilmədi ki, hansısa yazını saytdan çıxar, yəni, heç bir irad bildirilmədi.

- Bu sizdə həmişə belə idi. Qəzet dövründə sizinlə çalışdığım illərdə şahidi olurdum ki, reklam əməkdaşlığınız olduğu klublar barədə də tənqidi yazılarınız çox olurdu. Çəkinmədən, maddi tərəfi düşünmədən klub haqda sərt yazılar qəzetdə dərc olunurdu.

- Bəli, bizdə o vaxt tənqid var idi. Özü də çox sərt şəkildə.

 

 

 

- Bəs bu tənqidlərin müqabilində təzyiqlər, hədələr olurdu? Məsələn, reklam pulunu kəsəcəyik və s...

- "Neftçi” klubu ilə bir dönəmdə reklam əməkdaşlığı söhbəti olmuşdu. Mənə deyildi ki, bizim haqqımızda nə istəyirsən yazın, amma AFFA rəhbərliyi tənqid olunmasın. Mən də dedim ki, sizinlə danışırıq, AFFA rəhbərliyi hara, siz hara? Məsələ həll olunmadı, razılığa gələ bilmədik.

Klublarla danışanda deyirəm ki, qardaşım, mən sənin oyunlarına reportyor göndərəcəm, ayda üç dəfə, beş dəfə oyunçundan, məşqçindən müsahibə təşkil edəcəm, sənin bütün reklam məzmunlu mətnlərini, xəbərlərini saytda yayımlayacam, bu, mənim sənin qarşında əməkdaşlıq borcumdu. Amma məndən səni tənqid etməməyimi, tərifləməyimi istəyə bilməzsən. Heç kim, heç bir halda jurnalist azadlığımı satın ala bilməz. Sən sadəcə mənə müəyyən şərtlər irəli sürə bilərsən. O da müsahibə götürmək, oyunlarına reportyor göndərmək, reklam məzmunlu xəbərlər yerləşdirmək kimi şərtlər... Hamımız vəziyyəti bilirik. Saytı yaşatmaq üçün bunlara getməliyik. Amma sən mənim azadlığımı satın ala bilməzsən. Bu şeylər o vaxt da olurdu. Bir klubla danışırdıq, sonra xəbər gəlirdi ki, sizdə hansısa tənqidi yazı gedib, reklamı kəsirik. Ona görə deyirəm ki, çox çətinliklər var idi. Sayt ona görə rahatdı ki, qəzetdəki kimi xərci çox deyil.

- Keçək bir az da çempionatımıza, klublara...

- Kim nə deyir desin, son illərdəki 8 komandalı çempionatda olan səviyyə Azərbaycanın futbol tarixində olmayıb. Nəyə görə? Məsələn, 90-cı illərdə Azərbaycan futbolunda komandaların əksəriyyəti həvəskar səviyyədə idi. Aşağı səviyyədə olan komanda ilə oynayıb böyük hesabla uduzurdular. Legioner futbolçuların həm sayı, həm də səviyyəsi aşağı olurdu. O vaxtlar belə bir deyim də var idi: "Misir Əbilovun "Bakılı" klubu vaqonlarla legioner gətirir". Azərbaycan futbolu həmin dövrləri görüb. "Bakılı" da 12-14 komandalı çempionatda oynayırdı. O dövrlə müqayisədə, hazırkı Azərbaycan çempionatında çıxış edən "Sabah”ın, "Səbail”in, hətta "Keşlə”nin səviyyəsi səviyyəsi daha yüksəkdi. Ciddi deyirəm, zaman ötür, ama biz buna çox fikir vermirik. Klublar daha çox səviyyəli legionerlər gətirməyə çalışırlar. İndi klubların gətirdiyi legioner futbolçuların kariyerasına baxıb görürsən ki, bu müəyyən klublarda oynayıb, legioner karyerası var. Bu baxımdan, yenə də deyirəm ki, indiki klubların səviyyəsi çox yüksəkdi.

Bəzən insanlar 8 komandalı çempionatı tənqid edirlər ki, bəs "Qarabağ” bunların arasından çıxıb Avropaya gedir... Elə deyil. Azərbaycan çempionatında bu gün oynayan komandaların səviyyəsi 90-cı illər, 2000-ci illərin əvvəllərinə nisbətən daha güclüdü. Problem çempionatda komanda sayının az olmasıdı. Hə, bu, ciddi problemdi. Faciə də ondan ibarətdir ki, bütün komandalar Bakını təmsil edir. Əyalət təmsilçisi olan bircə "Qəbələ” var, onların da hansı vəziyyətdə olduğunu bilirik.

- Müzakirələr zamanı hər müsahibim çempionatda klub sayının az olmasında kimisə günahlandırır. Kimisi AFFA-nı, kimisi sponsorların yanaşmamasını... "Bir sponsor Azərbaycan klubunu niyə pul buraxsın, nə qazanacaq?" deyənlər də olur.

- Hər kəs kimisə günahlandıra bilər. Amma mən konkret fərdləri günahlandırmıram. Bayaq Azərbaycan idman mətbuatında reklam bazarının, rəqabətin olmamasından danışdıq. Bir sayt sponsora necə gəlir verə bilir? Bəs klub nə verə biləcək? İdman mətbuatındaki saytlar ilə klublar eyni durumdadı. Bilirsiz ki, Azərbaycanda bu dəqiqə insanlar stadiona getmir. Görün Azərbaycan futbolu nə gündədi ki, Peşəkar Futbol Liqası (PFL) özünə sponsor tapa bilmir. Əsl faciə budu. Danışmaqla deyil.

Mən AFFA-nı müəyyən şeylərə görə günahlandırıram. Mənə görə, milli komandalarda aparılan siyasət absurddu, biabırçılıqdı. Berti Foqtsun, Robert Prosineçkinin gəlişi-gedişi və bir çox şeylər biabırçılıqdı. İtirilən illər və itirilən milyardlarla pullar var. Bunlar AFFA-nın böyük səhvləridi. Bunlar heç... Amma çempionatla bağlı yenə deyirəm ki, gözümüzün qabağında nümunə var: Azərbaycan idman mətbuatı Azərbaycan çempionatının güzgüdəki əksidi.

Bu gün "Qarabağ” futbol klubu getsin özünə böyük bir sponsor axtarsın. Tapa bilərmi? Düzdü, var sponsoru. Amma kim əlavə puldan imtina edər? Olsun "Neftçi”... "Neftçi” müəyyən şeylərə əl atır. Ancaq onlar da yüngül, kosmetik şeylərdi. Biz sponsor nədi bilirik, "Barselona”nın, "Real"ın və başqa top-klubların timsalında görürük. İnsanlar milyardlıq müqavilələr bağlayır.

Deyirlər komanda sayı niyə azaldı? Belə olmalı deyildi ki? Baxın, Cahangir Hacıyev hardadı, "Simurq” özü, prezidenti hardadı? Adamlar həbsdədi. Hafiz Məmmədov hardadı? Mübariz Mənsimovun özü... Çox dərinə getmək istəmirəm, amma bilirik vəziyyət nə yerdədi. Bunlar futbola aidiyyatı olmayan məsələlərdi bəlkə də. Amma bu məsələlərə görə konkret fərdləri günahlandıra, qınaya bilmərik.

- Çempionatla bağlı çıxış yolunu nədə görürsünüz?

- Azərbaycanda bu dəqiqə imkanlı klublar var ki, "Neftçi”, "Qarabağ”, "Sabah”ın müaliyyə vəziyyəti yaxşıdı. 3-4 klub qalsın öz mövqeyində və Fuad Musayevin dövründəki sistem geri qaytarılsın. "Turan Tovuzu”u, "Şəmkir”i, "Kəpəz”i buraxsınlar Premyer Liqaya. Bu komandalar çempionata rəng qatacaqlar. Ayır hərəsinə 1 milyonluq büdcə. Sən AFFA olaraq onsuz da bu pulları birinci diviziona vermisən. 12-14 komandalı çempionat üçün niyə verməyəsən?! "Karvan”ı, "MKT Araz”ı qaytar... Cənubda futbol komandası yoxdu, "Xəzər Lənkəran”ı, "Viləş"i qaytar. Bu, mənə görə ən uyğun variantdı. Sənə heç kim demir "Neftçi”nin büdcəsini kəs. "Neftçi” öz büdcəsini qorusun, "Qarabağ”qorusun. İddialı klubların büdcəsini saxla. Bu gün çempionatda olan komandalar var - "Səbail”, "Sabah”, "Qəbələ” avrokuboklar üçün mübarizə aparsınlar. Qalan 5-6 komandanı da, məsələn, "Turan Tovuz”, "Şəmkir”, "MKT Araz”, "Kəpəz”, "Viləş”i buraxırsan çempionata, onlar da Premyer Liqada qalmaq uğrunda mübarizə aparsınlar.

 

 

 

- Eyni zamanda da rayonlarda futbolçu yetişir...

- Bəli, həm də bölgələrdə futbolçu yetişər, rayonlarda futbol olar. Bu çox sadə bir şeydi axı. Sənə heç kim demir ki, Tovuzda "Qarabağ” səviyyəsində komanda yarat. Bunu səndən heç kim tələb etmir. Bəli, əslində AFFA klubları saxlamalı deyil. Bunu dəfələrlə yazılarımda demişəm, Azərbaycanda qanunsuz çempionat keçirilir. Çünki federasiyanın çempionatda iştirak etdiyi klublara sponsorluq etməsi rüsvayçılıqdır! Bu, reqlamentin pozulması deməkdi, FİFA, UEFA qaydalarına tamamilə ziddi. "Neftçi"ni, "Sumqayıt”ı, "Keşlə”ni maliyyələşdirirsən. Adicə "Keşlə”ninavrokubok oyunlarından hesabına pul gələndə AFFA o pulu cibinə qoyur. Deyir mən "Keşlə"yə ayırdığım pulu burdan götürürəm. Belə şeylər baş verir. Ki, bu da qanunsuzluqdu. Yox, başqa bir variantımız yoxdursa, dediyim varianta uyğun olaraq AFFA klublara pulu düzgün ayırmalıdı.

- Millimiz haqda fikirləriniz. Hazırkı baş məşqçi də Foqts kimi "hədəfinizdədi?

- Milli komanda əbədi yaralı yerimizdi. Danışılacaq bir şey də yoxdu... 90-cı illərdə oturub oyunlara baxırdıq. O zaman da Azərbaycan millisi Bakıda Macarıstana 0:4 hesabı ilə uduzurdu, bu gün də macarlar yenə gəlib Bakıda Azərbaycan millisini udub gedir. Heç nə dəyişməyib. Yəni 90-cı illərdə Azərbaycan millisi nə gündə idisə, indi də o gündədi. Futbolçular biz ar sürətli futbol oynaya bilərlər, amma nəticə olaraq heç nə dəyişməyib. Dünyada hər şey dəyişir, bizim milli komandalar dəyişmir.

Fikrimcə, milliyə yüklənmək lazım deyil. İnsanın hədəfi olmalıdı: ya sən nəticə verib qrupdan çıxmalısan, ya da nəticə verməyib qrupda qalırsan. Qrupdan çıxa bilmirsənsə, demək ki, o ili, illəri, hazırlığı, pulları itirmisən. Biz də illəri itirmişik. Berti Foqtsa, Robert Prosineçkiyə milyonlar xərcləmişik. Yurçeviç də heç nəyi dəyişən, düzəldən deyil.

- Əslində, belə baxanda Berti Foqts, Robert Prosineçki uğur qazanmış mütəxəssislərdi. Nə qədər qınansalar da, bizdə əsas problem futbolçulardadı.

- Əsas problemi uşaq futbolunda, məşqçilərdə və onlara şərait yaratmayan insanlarda görürəm. Hansı uşaq məşqçiləri gedib "Ayaks"ın, "Sportinq”in, "Portu”nun təcrübəsini öyrənir? Heç kim. Ayda, ildə bir dəfə kimisə görüntü xatirinə göndərirlər. Məşqçilərimizin özündə öyrənməyə həvəs çox aşağıdı, azdı. İkinci də, onlara çox aşağı məbləğdə məvacib verilir. Sən uşaq məşqçisinə o qədər məvacib verməlisən ki, o, öyrənməyə can atsın. Uşaq məşqçiləri öyrətmir və günah sadəcə onlarda deyil. Onlara şərait yaradılmalıdı. Biz dünya ilə əlaqəmizi itirmişik. Bizim uşaq futbolunun xariclə əlaqəsi yoxdur. Bizim xəbərimiz yoxdur ki, "Ayaks”da məşqlər necə keçirilir. Baxın, bu gün "Ayaks”ın futbolçuları hara getdi? Biri "Yuventus”a gedir, biri "Barselona”ya gedir, bütün Avropaya səpələniblər. Bizdə yoxdu, biz kimi veririk, heç kim?. Biz hələ indi-indi sevinirik ki, "Qarabağ”ın hansısa legionerini xaricdən istəyirlər. Fransızlar durub gəlib deyir ki, Zubiri mənə ver. Təkcə, Foqtsda günah görmürəm, AFFA-da da günah var, bütün sistemdə günah var, hamımızda günah var. Jurnalistlərin özündə də günah var. Çox nadir hallarda uşaq futbolunun problemlərindən yazılır. Bizim özümüzə maraqlı olmalıdır, özümüzdə həvəs yoxdur. Başdan ayağa heç kimdə həvəs yoxdur. Jurnalist gedib problemi işıqlandırmır, işıqlandırsa belə, fikirləşir ki, onsuz da AFFA buna əhəmiyyət verməyəcək. Dəfələrlə uşaqlara necə məşq keçildiyini görmüşəm. İnanın, bunların keçdiyi məşqdən futbolçu çıxmaz. Ona görə Azərbaycanda futbolçu yetişmir.

Bizim Araz Abdullayevimiz var idi... "Everton”dan tutmuş, az qala bütün dünyanı dolaşdı. İndi hardadı? "Qarabağ"da ehtiyatda. Hamı deyir ki, Araz Abdullayev perspektivli futbolçudu. İndi də başlayıblar ki, Mahir Emreli perspektivli oyunçudu. Elə deyil. Mahir sabah getsə İspaniya Sequndasına, üç aydan sonra düşəcək ehtiyata. Çatdırmır, çatdıra bilmir. Almeydanın və başqalarının hesabına oynayır.

Günahı fərdlərdə yox, sistemdə görürəm, hamımızda görürəm. Mətbuatdan, AFFA-dan tutmuş, uşaq məşqçilərindən, futbolçuların özündən tutmuş, Azərbaycan insanında görürəm. Azərbaycan insanının tənbəlliyi var. İngilis dilini öyrənmirik, alman dilini oxumaq istəmirik. Hansı jurnalistimiz edir bunu? Heç kim. Təkcə başqalarını qınamıram, özüm də içində, çox şey eləmirik. Biz tənbəlik, canımızda tənbəllik var.

 

 

- Son olaraq, xatirələrə yer verək. Xüsusilə də, sizin rəhmətlik Böyükağa Hacıyevlə bağlı maraqlı anılarınız olmalıdı...

- Mərhum Hacıyevlə bağlı bir şey danışım. Bir dəfə AFFA-da nəsə tədbir idi. Onda da Böyükağa müəllimin işsiz vaxtları idi. Bütün jurnalistlər toplaşmışdı, mən də orada idim. Zarafatla Ramin Musayevə dedim ki, "Ramin bəy, Böyükağa müəllimə bir iş tapın da, adam nə vaxtdır ki, işsizdi". Həmin vaxtlarda Böyükağa müəllim bizim ofisə tez-tez gəlib-gedirdi. Görürdüm ki, adam işsizlikdən əziyyət çəkir. Elə oldu ki, mən Ramin Musayevə bunu zarafatla dedikdən sonra, üstündən bir həftə keçməmiş, xəbər çıxdı ki, Hacıyev "Neftçi”yə baş məşqçi təyin olunub. Onda elə adamlar var idi, düşünürdülər ki, Hacıyevi "Neftçi”yə mən baş məşqçi qoydurmuşam.

Onunla tanışlıq da qəribə olmuşdu. Vaqif Sadıqovun millinin baş məşqçisi olduğu vaxtlar idi. Səhv etmirəmsə, Avstriya millisi ilə Bakıda oynamışdılar və oyun 0:0 hesablı bərabərliklə başa çatmışdı. Hacıyev də o vaxt Vaqif Sadıqovun köməkçisi idi. Mən də Vaqif Sadıqovu, yığmanı çox tənqid edirdim. Oyundan çıxmışıq, Vaqif Sadıqov getdi mətbuat konfransına, mən də Tofiq Bəhrəmov adına Respublika Stadionunda dəhlizdən keçib, mətbuat konfransına keçmək istəyirdim ki, bir də gördüm kimsə məni tutdu çəkdi otağa. Başımı qaldırdım, gördüm Böyükağa Hacıyev. Başladı yüksək tonda danışmağa ki, sən kimsən belə şeylər yazırsan, səni bir günün içində oğurlatdıraram falan-filan... (gülür) Mənimlə hansı tonda danışmışdısa, eyni tonda da cavabını verdim. Üstündən iki-üç gün keçəndən sonra AFFA-ya getmişdim. Bir də gördüm Böyükağa Hacıyev: "Ooo, qardaş, Rəşad". Gülə-gülə gəlib görüşdü. Ondan sonra münasibətimiz düzəldi.

Röya Kərimli

 
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2024
09:57

DÇ: Azərbaycanın daha 4 cüdoçusu mübarizəyə başlayır

09:35

“Sabah”dan vacib qələbə, “Qəbələ” dayanmaq istəmir – Tura baxış

09:10

Mbappenin qardaşı da "Real Madrid"ə keçəcək? - Aydınlıq gəldi

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

Facebookdan bizi izləməyi unutmayın.
X