Dörd illik aradan sonra Azərbaycan Premyer Liqasına dönən "Kəpəz"in növbəti mövsümün hazırlıqlarına başlayacağı tarix bəlli olub.
Gəncə təmsilçisinin baş məşqçisi Yaşar Vahabzadənin Fanat.Az-a verdiyi məlumata görə, komanda iyunun 20-də bir araya gələcək.
Qərb təmsilçisi təlim-məşq toplanışına 14-15 nəfərlik heyətlə başlayacaq. Ancaq sonrakı günlərdə düşərgəyə baxışa gələnlər olacaq. Vahabzadə komandaya legionerlər dəvət olunduğunu da bildirib:
"Məşqlərlə yanaşı, seleksiya da aparılacaq. Baxışa gələnlər olacaq. Hər mövqeyə bir legioner dəvət etmişik. Premyer Liqaya ümumilikdə 4-5 legionerlə başlaya bilərik. Hər şey yaxşı olmalıdır. Təşkilati işlər qaydasına düşür, sevindirici xəbərlər alırıq. İnşallah, "Kəpəz"in adına layiq komanda formalaşdırmağa çalışacağıq".
Mirağa