Ölkəmizi Konfrans Liqasında təmsil edəcək "Qəbələ"nin yay hazırlıq planı tam müəyyənləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bölgə təmsilçisi iki gün sonra - 15 iyunda Qəbələdə bir araya gələcək.
"Qırmızı-qaralar" hazırlığın ikinci mərhələsinin Türkiyənin Bolu bölgəsində keçirəcək. Bu barədə klubun meneceri Nail Kərimov saytımıza açıqlamasında bildirib ki, Türkiyə toplanışı 10 günlük olacaq və iyulun 3-13-ü aralığını əhatə edəcək.
Kərimov heyətlə bağlı çalışmaların davam etdiyini söyləyib: "Ötənmövsümkü heyəti saxlamağa çalışırıq. Bildiyiniz kimi, legionerlərdən Rafael Utziq, Kristof Atanqana, Yaovi Akakpo, Ruan Renato və İsnik Alimi ilə müqavilələr uzadılıb. Omar Hani ilə də razılaşmışıq. Onunla razılıq əldə olunub, bu gün-sabah yeni anlaşma əldə olunduğunu elan edəcəyik. Stefan Vukçeviçlə danışıqlar davam edir. Hələ onunla maddi planda ortaq məxrəcə gələ bilməmişik. Əsas problem Fernan Lopeslə bağlıdır. Onunla yeni anlaşmanı müzakirə edə bilmirik. Çünki hələ Azərbaycana qayıdıb-qayıtmayacağına qərar verməyib.
Vukçeviçlə Lopes komandadan ayrılsa, onların yerinə başqalarını gətirmək lazım olacaq. Bundan başqa, azı bir legionerlə də güclənməyimiz vacibdir. Hazırda bir neçə əcnəbi oyunçu ilə maraqlanırıq. Razılığa gələ bilsək, Konfrans Liqasının startına kimi komandaya qoşulacaqlar".
Qeyd edək ki, "Qəbələ" UEFA Konfrans Liqasında mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Bu raundun püşkü iyunun 15-də atılacaq. İlk oyunlar iyulun 21-də, cavab qarşılaşmaları isə iyulun 28-də baş tutacaq.
Mirağa