"Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf Avstriyada "Rapid Vyana"ya 0:2 hesabı ilə uduzduğu UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra ənənəvi mətbuat konfransına qatılıb.
Fanat.Az xəbər verir ki, komandanın avrokubokla vidalaşmasına səbəb olan matçda mütəxəssis belə danışıb:
"İndi danışmaq çox çətindir. Matçdan əvvəl planlaşdırdığımız şeyləri yerinə yetirə və şanslardan yararlana bilmədik. İki sadə epizodda qapımızda qol gördük.
Başımızı dik tutmalıyıq. Birlikdə qalib gəlirik və birlikdə məğlub oluruq. Bizdəki şanslar onlarda olmadı. Hesab 0:0 olan zaman oyunçumuz qapıçı ilə təktəbək çıxdı. Hesab 1:0 olanda da eyni hal yaşandı.
Bəzi oyunçuların belə turnirlər üçün təcrübəsi yoxdur. Bu səbəbdən oynayan futbolçuları daha çox meydanda saxladım. Azər Salahlını tez itirdiyimiz üçün məcburi əvəzetmə oldu. Bizim oyunumuz pis deyildi. Kifayət qədər şanslarımız oldu. Rəqib də təzyiq yaradırdı. Bu cür qollar buraxmalı deyilik. Təkbətək epizodları qola çevirə bilmirsənsə və asanlıqla qol buraxırsansa, növbəti mərhələyə layiq deyilsən".