"İnter"i ABŞ-ın "Oaktree Capital" şirkəti idarə edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı şəxsi "X" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Xəbərə görə, "İnter"in sahibi olan Çin şirkəti "Suning Group" ABŞ-ın "Oaktree Capital" şirkətinə 368 milyon avroluq borcunu ödəyə bilməyib. "Suning Group" əməkdaşlıq şərtlərini pozduğuna görə, "Oaktree Capital" "İnter"ə nəzarəti ələ keçirib.
Mənbə "Oaktree Capital"ın baş direktoru Alexandro Kanonun bu barədə dediklərini də təqdim edib: "Biz cəmiyyətə və "İnter"in tarixi irsinə qarşı böyük məsuliyyətimizi dərk edirik. Klubun uzunmüddətli uğuruna hədəflənmişik. İnanırıq ki, bizim ambisiyalarımız onun İtaliyadakı və bütün dünyadakı ehtiraslı azarkeşlərinin ambisiyaları ilə üst-üstə düşür.
İlkin məqsədimiz klubun əməliyyat və maliyyə sabitliyini təmin etməkdir. "İnter" rəhbərliyinə böyük hörmətlə yanaşırıq, onlarla yaxından əməkdaşlıq edəcəyimiz anı səbirsizliklə gözləyirik. Bu mövsüm ikinci ulduzu qazanmaq klub üçün həlledici an idi. Məqsədimiz qazanılan uğurun ardının gətirilməsinə, klubun çiçəklənməsinə yardımçı olmaqdır".
Qeyd edək ki, "Suning Group" 2016-cı ildə 270 milyon avroya "İnter"in səhmlərinin 70 faizini almışdı.