Mini-futbol üzrə Avropa çempionu olan Azərbaycan millisi Bakıya qayıdıb.
Fanat.Az xəbər verir ki, Azərbaycan Mini-Futbol Federasiyasının sədr müavini Taleh Nəsibov Heydər Əliyev Beynəlxalq aeroportunda jurnalistlərin suallarını cavablandırıb.
Nəsibov çempionluq yaşayan yığma komanda haqqında bu sözləri deyib:
“Hisslərimiz sözlə ifadə oluna bilməz. Fəxr və qürur hissi keçiririk. Çünki bayrağımızı yüksəklərə qaldırmışıq, Avropa çempionu olmuşuq. Finalda qitənin 6 qat çempionunu məğlub etmişik. Bundan gözəl sevinc hissi ola bilməz. İnsan gərək həmin hissləri yaşasın, yoxsa sözlə ifadə etmək çətindir. Azərbaycan xalqı üçün bunu yaşatdıq. Düşünürəm ki, davamı gələcək. Federasiyamızın təsis olunmasının əsas təşəbbüskarı “Zirə”nin fəxri prezidenti Orxan Məmmədovdur. Onun ideyası ilə yaradılıb federasiya və onun qoyduğu məqsədə doğru getdik, düzgün iş prinsipi ilə irəlilədik. Azərbaycanlı futbolçulardan ibarət, milli ruhda olan komanda yaratdıq. Nəticədə də Avropa çempionu olduq”.