İkinci Liqada 9-cu turun "Göygöl" - "Sheki City" qarşılaşması 83-cü dəqiqədə yarımçıq dayandırılıb. Hakim Rövşən Nəcəfovun idarəçiliyindən narazı qalan, onun verdiyi 2 qırmızı vərəqəni həzm etməyən meydan sahibləri ona hücum çəkiblər. Nəticədə, referi təhlükəsizliyinin təmin edilmədiyini əsas gətirərək oyunu yarımçıq saxlayıb. "Göygöl" isə bəyanat yayaraq referini oyunlara pul qoymaqda ittiham edib.
Fanat.Az bununla bağlı Peşəkar Futbol Liqasının rəsmi mövqeyini öyrənib:
"Bildiyiniz kimi, 2-ci Liqa bu ildən etibarən keçirilir, yəni yeni liqadır. Bütün liqalarda olduğu kimi, burada da təhlükəsizlik məsələləri bizim üçün çox önəmlidir. Dünən Göygöl Olimpiya İdman Kompleksində keçirilən “Göygöl” – “Sheki City” matçı baş hakim Rövşən Rəcəbovun qərarı ilə yarımçıq dayandırılıb. Yarımçıq dayandırılmış oyunun həm baş hakim, həm də AFFA nümayəndəsi tərəfindən yazılmış raportunu əldə etmişik. Eyni zamanda, Peşəkar Futbol Liqasının oyunla bağlı çəkilişi var. Məlumat üçün bildirək ki, Peşəkar Futbol Liqasının 2023/2024-cü illər üçün əsasnaməsində bu cür halların tənzimlənməsi ilə bağlı bəndlər var. Oyuna baş hakimin fikrincə futbolçuların, rəsmi şəxslərin və kənar şəxslərin müdaxiləsi varsa, matç yarımçıq dayandırıla bilər. Eyni zamanda vurğulamalıyıq ki, bu cür hallara görə yarımçıq dayandırılmış oyunlar yenidən keçirilmir. Oyunla bağlı müvafiq qərarların verilməsi, müvafiq şəxlərin raportlarına əsasən AFFA İntizam Komitəsinə həvalə olunur. PFL əsasnamənin tələblərinə uyğun olaraq bütün prosedurları həyata keçirir və lazımi sənədlər AFFA İntizam Komitəsinə həvalə olunur".