"Portu"nun müdafiəçisi Pepe Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində dünən Londonda "Arsenal"a qarşı keçirdikləri matçdan danışıb.
Fanat.Az xəbər verir ki, təcrübəli futbolçu fikirlərini UEFA-nın rəsmi saytına bölüşüb:
"Çempionlar Liqası ilə belə vidalaşmaq üzücü oldu. İlk matçda onlara problem yaratmışdıq. Bu oyunda isə qapıya ilk zərbələri qola çevrildi. Biz əla mübarizə apardıq, amma mərhələni adlaya bilmədik.
"Arsenal"ın İngiltərə Premyer Liqasında çox sayda qol vuran komanda olduğundan xəbərdar idik. Bura öz oyunumuzu göstərməyə gəlmişdik. Nə etdiyimizi bilirdik. Təəssüf ki, rəqib qapısına yol tapmaq mümkün olmadı. Onların isə bəxti gətirdi".
Xatırladaq ki, Portuqaliyadakı görüşdə "Portu" 1:0 hesablı qələbə qazanmışdı. İngiltərədəki qarşılaşmanın əsas və əlavə vaxtında "Arsenal"ın vurduğundan başqa qol olmadığı üçün cütün taleyini oyunsonrası penaltilər müəyyənləşdirib. Penaltiləri daha dəqiq yerinə yetirən İngiltərə nəhəngi (4:2) adını 1/4 finala yazdırıb.
Nihat