"Bəziləri asan qələbə qazandığımızı deyə bilər. Biz düşünürdük ki, qol vuracağıq. Lakin daha erkən qol vurmağımız, fasilə ərəfəsində də hesabı 2:0 etməyimiz oyunçulara güvən və rahatlıq verdi. Oyunu nəzarətimizdə saxlaya bildik. İkinci yarıda da şanslarımız və səhvlərimiz var idi. Ümumən, oyun yaxşı keçdi".
Fanat.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç Premyer Liqanın 30-cu turunun "Araz-Naxçıvan"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, heyətdə etdiyi dəyişikliklərdən də danışıb: "Bu gün müdafiədə Mark Tamaşa şans verdik. Əslində, Mark əsas heyətin oyunçusudur. Sadəcə, "Səbail"lə oyunda zədələnmişdi. Bir neçə oyun buraxmışdı. Bərpa edildi və əsas heyət uğrunda rəqabət aparacaq. Çox sürətli şəkildə bərpa olundu.
Qarşılaşmada heç kimi dəyişməyə də bilərdim. 2:0 bəzən təhlükəli olur. Amma ehtiyatdakı oyunçuları da meydana buraxmaq istədim. Hansısa əvəzetmə müsbət və ya mənfi hal kimi də yaşana bilir. Belə alındı ki, əvəzetmələri son dəqiqələrdə etdik".