Portuqaliya millisinin ulduz futbolçusu Kriştianu Ronaldunun cəza səbəbilə DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunda iştirak etməməsi qarşılaşmaya marağı azaldıb.
Belə ki, 4 gün sonra Bakı Olimpiya Stadionunda keçiriləcək oyunun bilet satışında artım nəzərə çarpmır.
31 avqust tarixində AFFA-dan Fanat.Az-a verilən xəbərdə 15 min bilet satıldığı bildirilmişdi. Bu gün isə əldə etdiyimiz məlumata görə, görüşə 15 mindən biraz artıq bilet satılıb.
Bu isə o deməkdir ki, 1 sentyabrda keçirilən Portuqaliya - İrlandiya (2:1) oyununda sarı vərəqə alaraq limiti dolduran Ronaldunun Bakıdakı oyuna gəlməməsi görüşə marağı azaldıb. Bu səbəbdən də 3 gün ərzində matçın biletlərinə alıcı tapılmır.
Qeyd edək ki, Azərbaycan – Portuqaliya oyununa biletləri 21 avqust tarixindən etibarən iticket mobil tətbiqi, veb saytı və ya “Gənclik Mall” və “28 Mall”da yerləşən iticket bilet satış məntəqələrindən əldə etmək olar.
Biletlərin qiymətləri kateqoriyalara uyğun olaraq 2, 5, 10 və 15 AZN-dir.
Azarkeşlər stadiona COVİD-19-la bağlı sanitar-gigiyenik prosedurlara riayət olunması şərtilə buraxılacaq.
Xatırladaq ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da başlayacaq.
Röya