12:00 17.12.2021 685

İnam, dəstək, diqqət və qayğı - İrəli "Qarabağ"!

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

“Qarabağ Azərbaycandır, nida”. Bu devizdəki nida elə “Qarabağ”dır. Nidanın durğu işarəsi kimi daşıdığı hiss-həyəcanı “Qarabağ” öz azarkeşlərinə, ümumi anlamda isə bütün Azərbaycan futbolsevərlərinə yaşadır. 2014/2015 mövsümündən bu yana ardıcıl 8 ildir avrokuboklarda qrup mərhələsində çıxış edən komandanı həftənin əvvəlində qəbul edən ölkə başçısı İlham Əliyevin flaqman adlandırması təsadüfi deyil: “köhlən atlar” Avropada bu missiyanı uğurla yerinə yetirir, bu adı artıqlaması ilə haqq edir.

***
Premyer Liqa dünən yarılansa da, “Qarabağ” bu mövsüm artıq kifayət qədər oyun keçirib. Konkret, Ağdam təmsilçisi iyuldan bu yana iki cəbhədə - UEFA Konfrans Liqası və Azərbaycan Premyer Liqasında ümumilikdə 26 matç keçirib. Nəzərə alsaq ki, 2021-ci ildəki rəsmi oyun sayı 46-ya bərabərdir, bunun 57 faizi son 5 aya təsadüf edib. Qurban Qurbanovun komandası bu mövsüm 26 oyundan cəmi 2-də uduzub.

“Qarabağ”ın bu mövsüm keçirdiyi oyunlar

22 iyul KL Qarabağ - Aşdod 0:0
29 iyul KL Aşdod – Qarabağ 0:1
05 avqust KL AEL – Qarabağ 1:1
12 avqust KL Qarabağ - AEL 1:0
15 avqust PL Zirə - Qarabağ 1:1
19 avqust KL Qarabağ – Aberdin 1:0
22 avqust PL Qarabağ – Səbail 3:0
26 avqust KL Aberdin – Qarabağ 1:3
12 sentyabr PL Neftçi – Qarabağ 1:2
16 sentyabr KL Qarabağ – Bazel 0:0
20 sentyabr PL Qarabağ – Sumqayıt 2:0   
25 sentyabr PL Keşlə - Qarabağ 1:1
30 sentyabr KL Omoniya – Qarabağ 1:4
03 oktyabr PL Qarabağ – Qəbələ 2:0
17 oktyabr PL Sabah – Qarabağ 1:2
21 oktyabr KL Qarabağ – Kayrat 2:1
25 oktyabr PL Səbail – Qarabağ 3:1
30 oktyabr PL Qarabağ – Neftçi 4:0
04 noyabr KL Kayrat – Qarabağ 1:2
07 noyabr PL Sumqayıt – Qarabağ 0:4
19 noyabr PL Qarabağ – Keşlə 1:0
25 noyabr KL Qarabağ – Omoniya 2:2
29 noyabr PL Qəbələ - Qarabağ 0:0
04 dekabr PL Qarabağ – Sabah 5:1
10 dekabr KL Bazel – Qarabağ 3:0
16 dekabr PL Qarabağ – Zirə 2:0

Cəmi: 26 oyun, 17 qələbə, 7 heç-heçə, 2 məğlubiyyət
Premyer Liqa: 14 oyun, 10 qələbə, 3 heç-heçə, 1 məğlubiyyət
Konfrans Liqası: 12 oyun, 7 qələbə, 4 heç-heçə, 1 məğlubiyyət

***
Çempionatda “Səbail”, Konfrans Liqasında isə “Bazel” “Qarabağ”ın qolunu bükə bilib. Bu məğlubiyyətlərin son ayyarıma təsadüf etməsi yorğunluq amili ilə də izah oluna bilər ki, bu da normaldır. Hərçənd, “Səbail”in “Kayrat”la Bakıdakı oyunda çox güc itirən “Qarabağ”ı bərbad süni örtüklü Bayıl stadionunun “yardımı” ilə yendiyi sirr deyil. “Bazel”lə ötən həftə İsveçrədə baş tutan həlledici görüşdəki yenilgi isə xorvat hakim Fran Yoviçin vicdanına yazılmalıdır. Bütün dünya topun qapı xəttini azı bir metr keçdiyini gördü, amma hakimlər görmədi və ya görmək istəmədi. İstənilən halda, bərbad hakimlik “Qarabağ”ın uğuruna kölgə salmadı, sala bilməzdi.   
Çünki 2017/2018 mövsümündə Çempionlar Liqasının qrupunda oynamaqla ilkə imza atan Ağdam təmsilçisi bu il Azərbaycan futbolunda daha bir tarix yazdı. İlk dəfədi bir təmsilçimiz avrokubok mübarizəsinə başladığı ildən növbəti “ilə çıxır”, yəni gələn yazda pley-off matçlarına çıxacaq...

“Qarabağ” qrupdan nəyin hesabına çıxmağı bacardı? Sözsüz ki, ilk növbədə yayda heyətin düzgün formalaşmasını qeyd etmək gərəkir. Kadi Borqes, Marko Veşoviç, Ramil Şeydayev, İbrahima Vadji komandanın gücünə güc qatdısa, Bəhlul Mustafazadə, Musa Qurbanlı və Riçard Almeydanın gəlişi ilə ehtiyat oyunçular skamyası genişləndi.

Uğurun sirrindən danışırıqsa, həm də Qurban Qurbanovun heyətlə bağlı düzgün rotasiyasını vurğulamaq lazım gəlir. Təcrübəli mütəxəssis komandasını avrokubok oyunundan çempionata, çempionatdan avrokubok matçına düzgün kökləyə bildi. Halbuki, bu baxımdan bir çox klubların axsadığına dair nümunələr az deyil. Məsələn, Avropa Liqasının qrupunda oynayan Moskva “Spartak”ının (elə rusların qrupunda yer alan Mahir Emrelili “Legiya” da bu qəbildəndi), yaxud “Qalatasaray”ın daxili yarışa köklənməkdə çətinlik çəkdiyini görə bilirik.      

***
“Qarabağ” Konfrans Liqasında tarix yazmağa nə qədər davam edə bilər? Könül istərdi ki, təmsilçimiz qrupda birinci yeri tutub birbaşa 1/8-də çıxış etsin. Püşk isə pley-offda qarşımıza “Olimpik Marsel”i çıxardı. Sözsüz ki, Fransa Liqa1-nin səviyyəsi və rəqibin “böyük beşlik” təmsilçisi olması, bu ölkənin və klubun reytinqi çox şeydən xəbər verir. Amma “Qarabağ” “böyük beşlik” təmsilçilərinə qarşı artıq xeyli oyun təcrübəsinə sahibdir. İngiltərə, İtaliya, İspaniya, Fransa və Almaniya klubları ilə bir neçə dəfə qarşılaşıb. Hətta “Atletiko Madrid”lə və Fransanın digər klubu “Sent-Etyen”lə qrupda başabaş oynayaraq uduzmayıb.

“Olimpik Marsel” bu mövsüm 30 oyuna çıxıb. “Qarabağ”ın rəqibi qeyri-sabit çıxış edir: komanda bu görüşlərin tən yarısında meydandan qalib ayrıla bilməyib. 30 oyundan 15-də qalib gələn marsellilər 11 heç-heçə ilə kifayətlənib, 4 görüşdə uduzub. Yəni bu mövsümkü nəticələri “Qarabağ”ınkından pisdir.       

Cari mövsümün "Olimpik Marsel"inin qeyri-sabit çıxışının bir səbəbi də taktiki sxemlərdə tez-tez dəyişiklik etməsi ilə əlaqələndirilir. Mütəxəssislər bunu “hibrid sistem” adlandırır. Xorxe Sampaoli komandanı meydana topsuz 4-1-4-1 kimi düzürsə, hücumda olarkən sxem artıq 3-2-5 çevrilir. Hətta Sampoli adi 4-4-3-ə üstünlük verəndə də komanda meydanda simmetrik şəkildə yer almır. Oyunun gedişatında "Olimpik Marsel"in meydanda 3-4-3 kimi düzüldüyünü də görə bilərsiz.

Payetdən adətən "saxta 9" kimi istifadə edilir. Sampaoli necə ki vaxtilə Sarabiyanı "Sevilya"da 6 fərqli mövqedə oynadırdısa, "Olimpik Marsel"də bunu Lirola və Toven kimi universal oyunçuların üzərində sınayır. Argentina yığmasındakı işi Sampaolinin imicinə ciddi zərbə vursa da, onun hələ də kimlərdən ilham aldığını unutmaq olmaz. Byelsa və Qvardiolanı mayak kimi qəbul edən mütəxəssisin bəzən oyun ərzində 3-4 fərqli sxemi sınaqdan keçirməsi təəccüb doğurmamalıdı.

***
Amma bir amil var: Konfrans Liqası “Olimpik Marsel” üçün nə qədər önəm kəsb edir və ya edəcək? Yəni bu Çempionlar Liqası deyil, tanınmış klublar üçünsə elə də vacib yarış hesab olunmur. Marsellilər əsas diqqətini daxili çempionata yönəldib və hazırda 2-ci pillədə qərarlaşıb. Rəqib “Qarabağ”dan fərqli olaraq, fevralın 18-dəki oyuna qədər istirahət etməyəcək və qarşıdakı 2 ay ərzində 6-7 rəsmi oyuna çıxacaq. Düzdür, belədə komanda formada qalmış olacaq. Ancaq mümkün yorğunluq amili, həmçinin pley-offdakı görüş ərəfəsində Liqa1-də turnir vəziyyəti yanaşmaya təsir göstərə bilər.

Digər tərəfdən, Fransa mətbuatı “Olimpik Marsel” klubunda maliyyə probleminin olmasını yazır. Bu üzdən klubun yüksək ödənişli futbolçulardan bir neçəsi ilə vidalaşacağı gündəmdədir. 

***

İlk oyunun səfərdə baş tutacağını nəzərə alsaq, bu məqam da “Qarabağ”ın işinə yaraya bilər. Səfərdə ehtiyatlı oynayıb rəqibi öyrənməklə Bakıdakı cavab oyununa sürprizlər hazırlamaq olar. Həm də “Qarabağ”ın qış fasiləsində heyəti bir qədər də gücləndirəcəyi gözlənilir. Artıq qış “transfer pəncərəsi”nin ilk alış-verişi baş tutub. Ağdam klubu iki gün əvvəl millinin üzvü, Ukraynada legioner həyatı yaşayan hücumçu Rüfət Əhmədzadəni sıralarına qatdı. Qarşıdakı günlərdə yeni transferlər ola bilər. Bundan başqa, təcrübəli müdafiəçi Bədavi Hüseynov uzun zədədən sonra geri dönərək məşqlərə başlayıb, Antalya toplanışı oyun təcrübəsini bərpa etmək baxımından əla imkandır. Mümkündür ki, Xayme Romeronun dönüşü də pley-offa qədər baş tutsun.



***

Bir sözlə, “Qarabağ” qrupdan çıxmaqla yazdığı tarixin növbəti səhifələrini çevirməkdə qərarlıdır. Niyə də olmasın? Bunun üçün daha bir, həm də əsas stimullaşdırıcı məqam ölkə başçısının bu kluba diqqət və qayğısıdır. Prezident İlham Əliyev "Qarabağ"ı 3 dəfə qəbul edib ki, belə nümunəyə dünyada rast gəlmək çətindir. Bu, son illərdə Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından təbliğatçı rolunu məharətlə, uğurlu nəticələri ilə icra edən komandaya rəğbətin göstəricisidir. Prezidentin "Bazel"lə oyunda başverənlərə reaksiyası xüsusi vurğulanmalıdır: 

"Bu qələbə bir daha onu göstərir ki, “Qarabağ” futbol klubu Azərbaycan futbolunun flaqman komandasıdır. Bu, birinci dəfə deyil ki, “Qarabağ” beynəlxalq yarışlarda böyük uğurlar qazanır, xalqımızı, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edir. Bu uğurlar təsadüfi deyil. Çünki bilirəm ki, klub rəhbərliyi, məşqçi heyəti, futbolçular həm yüksək məsuliyyət, peşəkarlıq göstərirlər, eyni zamanda, müntəzəm olaraq peşəkarlığı artırmaq, daha da yaxşı nailiyyətlər əldə etmək üçün yorulmadan çalışırlar.

Əlbəttə, sirr deyil ki, “Qarabağ” futbol klubunun adı sizin üzərinizə əlavə məsuliyyət qoyur. Siz həm işğal dövründə, həm İkinci Qarabağ müharibəsində əldə edilmiş tarixi Zəfərdən sonra Qarabağ adını uca tutursunuz, bu adı bütün Avropa futbol məkanında təbliğ edirsiniz. Bir daha demək istəyirəm, nəzərə alsaq ki, uzun illər torpaqlarımız, o cümlədən Ağdam şəhəri işğal altında idi, hər qələbə, “Qarabağ” futbol klubunun hər tarixi addımı hər bir Azərbaycan vətəndaşını sevindirirdi. Əminəm ki, növbəti mərhələdə də siz komandaya xas olan əzmkarlıq və vətənpərvərlik göstərərək xalqımızı sevindirəcəksiniz.

Avropa Konfrans Liqası turnirinin pley-off mərhələsinə çıxmaq doğrudan da böyük nailiyyətdir. Əlbəttə, biz səkkizdəbir oyuna birbaşa çıxa bilərdik, ancaq əfsuslar olsun ki, hakim ədalətsizliyi buna imkan vermədi. Mən bu sözü təsadüfən işlətmirəm: hakim səhvi yox, hakim ədalətsizliyi. Çünki bu biabırçı hadisəyə səhv demək düzgün olmaz. Eyni zamanda, bu, birinci dəfə deyil ki, “Qarabağ” futbol klubu Avropa yarışlarında belə açıq ədalətsizliklə üzləşir. Əvvəlki illərdə də dəfələrlə buna rast gəlmişik. Bu dəfə qrup mərhələsində dəfələrlə buna rast gəlmişik. 2014-cü ildə həlledici oyunda son dəqiqələrdə vurulmuş təmiz qolu hakim saymadı və beləliklə, sizi növbəti mərhələdən mərhum etdi. O vaxt səhv etmirəmsə Zelinka familiyalı çexiyalı hakim belə bir biabırçı addım atmışdır. Çox təəssüf edirəm ki, Avropa futbol məkanında bu biabırçı ənənə davam edir. Bu dəfə də xorvatiyalı hakim Yoviç açıq-aydın bütün tamaşaçıların, televiziya tamaşaçılarının gözü önündə vurulmuş təmiz qolu saymadı. Buna səhv demək mümkün deyil. Çünki bu, Avropa turniridir. Bu, kənd turniri deyil, məhəllə turniri deyil, həyətlərarası turnir deyil. Bu, Avropa turniridir, buraya Avropanın ən peşəkar, ən təcrübəli hakimləri cəlb olunur və bu oyunlarda hakimlik edirlər. Necə ola bilər ki, qapı xəttindən ən azı bir metr keçən topu görməyəsən. Yaxşı, sən görmürsən, korsan, yan hakim də görmür, o da kordur? Bu korları necə yığıb doldurublar buraya?! Nə üçün məhz “Qarabağ”ın oyunlarında biz bu biabırçı mənzərə ilə üzləşirik. Mən bunun cavabını bilirəm, siz də bilirsiniz, Azərbaycan xalqı da bilir: ədalətsizlik, ikili standartlar, bizə, ölkəmizə, - təkcə sizə yox, - ölkəmizə qərəzli münasibət. Bunun cavabı budur. Əgər bir dəfə olsaydı, iki dəfə olsaydı deyərdik ki, ola bilər, səhv olub. Hansısa təsadüfi hadisə nəticəsində baş verib. Yox, bu, sistem xarakterli problemdir.

Mən ümid edirəm ki, UEFA bu problemin aradan qaldırılması üçün əməli addımlar atacaq. Ümid edirəm ki, bu biabırçı hallara yol verən hakimlər cəzalandırılacaq. Əks təqdirdə, əgər onlara qarşı hər hansı bir cəza tədbiri tətbiq olunmasa, deməli, növbəti dəfə də biz bunun şahidi olacağıq. Növbəti dəfə də sizi haqlı qələbədən məhrum edəcəklər. Növbəti dəfə ədalətsizlik, ikili standartlar, ayrı-seçkilik davam edəcək.

Mən bilirəm ki, “Qarabağ” klubu, rəhbərlik, məşqçilər, həmişə özlərini çox ləyaqətlə aparırlar, bəzi başqa məşqçilər və klub rəhbərləri kimi hay-haray salmırlar, qalmaqal yaratmırlar, əl-qol açmırlar. Mən bunu təqdir edirəm. Güclü insan həmişə özünü nizamlı aparır, həmişə gücünü lazım olan halda işə salır və bunu mən alqışlayıram. Ancaq o demək deyil ki, hər dəfə bizə qarşı belə biabırçı hadisə baş versin. Ona görə əminəm Avropa futbol ailəsində qəbul edilmiş qaydalar əsasında lazımi hüquqi addımlar atılmalıdır ki, gələcəkdə belə hallar təkrarlanmasın.

Bununla paralel olaraq onu da deməliyəm ki, nə üçün mən buna bu qədər fikir verirəm. Bilin, hər bir Azərbaycan vətəndaşı kimi, o biabırçı halı görəndə mənim də ürəyim ağrıyır. Mən də ürəyimdə deyirdim, biz buna nə qədər dözməliyik. Nə vaxta qədər bu, davam edəcək. Biz hamımız yaxşı başa düşürük ki, bu, elə-belə hadisə deyil. Ya təlimatlanmış hakim bunu edir, ya da ki, özü hansısa fikirlər və duyğular əsasında bunu edir. Bunun başqa adı ola bilməz. Bunu görməmək mümkün deyil. Eyni zamanda, bu, bizi ruhdan salmamalıdır. Biz 28 il ərazisi işğal edilmiş ölkə kimi yaşamışıq. İyirmi səkkiz il dözüm göstərmişik, hazırlıq işləri aparmışıq, güc toplayırdıq və bu gücü topladıq, düşməni torpaqlarımızdan qovduq. Bu illər ərzində nə qədər ədalətsizliklərlə, nə qədər ikili standartlarla üzləşmişdik. Bu, bizi qətiyyən ruhdan salmadı, əksinə, məni prezident kimi daha da ruhlandırırdı, daha da əzmkar edirdi, daha qətiyyətli edirdi və bu tarixi missiyanı yerinə yetirmək üçün əlavə güc verirdi. Əminəm, bu ədalətsizlik sizə də əlavə güc verəcək, siz növbəti oyunlara daha böyük əzm və iradə ilə çıxacaqsınız, “Qarabağ” adını, Azərbaycan futbol ictimaiyyətinin adını uca tutacaqsınız.

Mən sizinlə üçüncü dəfə görüşürəm - 2014-cü ildə, 2017-ci ildə və bu dəfə. Nə üçün? Çünki siz ölkəmizə, xalqımıza qələbələr gətirirsiniz və çox istərdim ki, bizim digər futbol klublarımız sizin yolunuzla getsin və mən onlarla da görüşüm, onları da nailiyyətlər, uğurlar münasibətilə təbrik edim. Əminəm ki, bu da olacaq. Amma “Qarabağ” yenə də deyirəm, hələlik Azərbaycan futbolunun aparıcı komandası olaraq qalır. Sizə yeni mərhələdə uğurlar, nailiyyətlər, qələbələr arzulayıram. Bir daha sizi təbrik edirəm".



Prezidentin komanda üzvləri ilə görüşdəki çıxışı baş məşqçi Qurban Qurbanovun hələ İsveçrədə baş tutan mətbuat konfransındakı fikirləri ilə uyğunluq təşkil edir. Bu, ölkə başçısının oyunsonrası prosesləri də diqqətdə saxlamasından xəbər verir.

Təsadüfi deyil ki, İlham Əliyev ayrı-ayrı futbolçuların performansından da məlumatlıdır. Riçard Almeydaya yaxınlaşıb "sənin də qolunu qeydə almadılar" deməsi, Şahruddin Məhəmmədəliyevə "sən yaxşı qapıçısan, irəli çıxmaqla cəsarət nümayiş etdirirsən" söyləyib dəstək olması, Qara Qarayevlə səmimi şəkildə söhbətləşməsi ciddi məqamdır. Üstəlik, ölkə başçısı bazar ertəsi baş tutan görüşdən sonra "Qarabağ"a 5 milyon maliyyə ayırdı. Bir sözlə, hər mənada - maddi və mənəvi baxımdan komandanın yanında olduğunu nümayiş etdirdi. "Qarabağ" üçün bundan gözəl stimul nə ola bilər ki? Potensial, inam, dəstək, diqqət və qayğı - bunlar hamısı bir arada olunca, növbəti uğur uzaqda deyil...  

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

19 May 2024
23:14

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

21:30

"Mançester Siti" İPL-in qalibi oldu - Bu, tarixi rekorddur

20:54

Rafinya Xavinin qardaşını təhqir etdi

19:40

Emiliya-Romanya Qran-prisinin qalibi bilindi

19:11

"Bayer Leverkuzen"dən tarixi ilk

18:40

Kaxaber Tsxadadze "Araz-Naxçıvan" üzərində qələbəni şərh etdi

18:15

"Qəbələdə özümü rəqib kimi hiss etmədim" - Elmar Baxşıyev 

17:54

MPL: "Qəbələ" ardıcıl üçüncü qələbəsini qazandı

17:40

Azərbaycanın 3 cüdoçusu DÇ-nin ilk günündə uğursuzluqla üzləşdi

17:12

"Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı"

16:54

"Həmişə nə vaxtsa İspaniyaya qayıdacağımı düşünmüşəm" - Mikel Arteta

16:22

Krivotsyuk sonadək oynadı, komandası...

16:05

"Qəbələ"nin kapitanına xüsusi mükafat verildi

15:29

Şəhid İlham Kazımovun xatirəsinə həsr edilən turnir başa çatdı

15:14

Mourinyu "Beşiktaş"a gəlir - Klub rəsmisi açıqladı

14:30

"Məhsuldarlığımı daha da artırmaq istərdim, amma..."

14:16

"Sabah" Türkiyədə 4-cü oldu

13:56

Qvardiola növbəti mövsümə harada başlayacağını dedi

13:18

Alleqrinin yerini o tutdu - RƏSMİ

12:55

Teves postunu tərk etdi

12:23

Voleybol məşqçiləri üçün seminar keçirildi

12:00

"Qələbəyə layiq idik" - Ozobiç "Neftçi"dən gedir?

11:27

Enrike 3 futbolçunun PSJ-də qalmasını istəmir - ADLAR

10:58

Azərbaycan seçməsi Ukraynaya qarşı

10:21

ABL: Final mərhələsinin ikinci oyununda kim sevinəcək?

10:00

"Yaratdığımız imkanlardan faydalana bilmədik" - Pedro Nuno

09:00

Günün oyunları bu kanallarda - AFİŞA 

18 May 2024
23:22

Renat oynadı, komandası "Beşiktaş"a uduzmadı

23:00

"Hər şey öz əlimizdədir" - Azər Salahlı

22:19

"Hakim məsələsini atın kənara, hər şey bəllidir"

21:44

"Tottenhem" müdafiəçisini Avropa nəhənginə satır

21:28

"Futbolçularım fantastik oynadılar" - Krunoslav Renduliç

20:31

"Neftçi"nin qələbəsinə kölgə salmaq istəmirəm, amma..."

20:12

"O qoldan sonra oyun açıldı" - Miodraq Bojoviç

19:45

Adil Şükürov "Zirə"yə məğlubiyyəti şərh etdi

19:25

"Bizdə 5-6 səviyyəli hakim var, amma bu, kifayət etmir" - Rəşad Sadıqov 

18:58

"Neftçi ilə "Zirə"dən qələbə, "Sumqayıt" "Sabah"la bacarmadı

18:26

Aleks de Souza Super Liqa klubunda

17:53

AFFA Yüksək Qızlar Liqasında 2023/2024 mövsümünə yekun vuruldu

17:30

AÇ-2024: Serbiya millisinin ilkin heyəti bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X