Memarlıq və İnşaat Universitetinin idman zalında qılıncoynatma üzrə Azərbaycan çempionatına start verilib.
Fanat.Az xəbər verir ki, ilk gündə qılıncoynatmanın sablya növü üzrə qaliblər müəyyənləşib. Kişilər arasında Murad Əkbərov yarışın qalibi adını qazanıb. Maqsud Hüseynli gümüş, Nahid Məmmədli ilə Saleh Məmmədov bürünc medallara layiq görülüb.
Qadınların mübarizəsində isə Valeriya Bolşakova ən güclü olub. O, həlledici dueldə Sevil Bünyatovanı üstələyib. Dünya reytinqinin "2 nömrə"si Anna Başta və Polina Kaspiaroviç isə bürünc medalla kifayətləniblər.
Azərbaycan Qılıncoynatma Federasiyası ilə Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən çempionatın mükafatçıları diplom və medallarla təltif olunub. Diplom və medalları mükafatçılara AQF-nin prezidenti Balakişi Qasımov, vitse-prezidentlər Fərhad Qasımov və Fikrət Zeynalov, federasiya prezidentinin məsləhətçisi Yaşar Məmmədov, milli komandanın baş məşqçisi Çingiz Mustafayev təqdim edib.
Milli Olimpiya Komitəsinin 30 illiyinə həsr olunan Azərbaycan çempionatının birinci yarış günündə ilk 3 yerin sahibləriə qiymətli hədiyyələr və pul mükafatları verilib.
Qeyd edək ki, Azərbaycan çempionatına bu gün yekun vurulacaq. Son yarış günündə qılıncoynatmanın şpaqa növü üzrə kişi və qadınlar arasında qaliblər müəyyənləşəcək.