Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında bu gün qadın sablyaçıların şəxsi yarışında mükafatçılar müəyyənləşib.
Fanat.Az xəbər verir ki, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışını pley-offda da davam etdirib. 27 yaşlı idmançı burada keçirdiyi ilk görüşdə rumıniyalı Sabina Martisi 15:8 hesabı ilə məğlub edib. Ardınca o, "8-liy"ə yüksəlmək uğrunda dueldə digər təmsilçimiz Palina Kaspiaroviçə 15:14 hesabı ilə qalib gəlib.
1/4 finalda ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdıran (15:14) qılıncoynadanımız yarımfinalda polşalı Suzanna Piesları da yenərək (15:6) finala yüksəlib. Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioya 15:9 hesabı ilə qalib gələn Anna Başta Avropa çempionatının qızıl medalını qazanıb.