Azərbaycanın yeniyetmə avarçəkənləri Slovakiyanın paytaxtı Bratislavada beynəlxalq turnirdə iştirak ediblər.
Kanoe və Avarçəkmə Federasiyasından Fanat.Az-a verilən məlumata görə, kayak və kanoe növlərində “Olimpiya Ümidləri” adı altında təşkil olunan yarışlarda iki idmançımız iştirak edib. Gülnarə Həmzəzadə 200 və 500 metr məsafəyə yürüşlərdə kanoedə, Maarif Qarayev isə 200 və 500 metr məsafəyə kayakda qüvvəsini sınayıb.
“Olimpiya Ümidləri” turnirində 40 ölkədən avarçəkən iştirak edib.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası yeniyetmə və gənclərin avarçəkmə idman növündə inkişafına diqqət ayırır. Təlim-məşq toplanışları və yerli turnirlərlə yanaşı, beynəlxalq arenalarda çıxışlar idmançılarımız üçün xüsusi təcrübədir. AKAF bu mənada yeniyetmə və gənc idmançıların müxtəlif beynəlxalq yarışlarda iştirakını təmin etməklə onların təcrübə toplaması üçün şərait yaradır.