Qılıncoynatmanın sablya növü üzrə qadınlardan ibarət Azərbaycan milli komandası Əlcəzairdə keçirilən Dünya Kubokunda çıxışını başa vurub.
Fanat.Az xəbər verir ki, Səbinə Kərimova, Anna Başta, Valeriya Bolşakova və Palina Kaspiaroviçdən ibarət kollektiv qadın sablyaçıların komanda yarışında ilk görüşdə Polşa seçmə kollektivinə 45:43 hesabı ilə qalib gəlib.
Komandamız növbəti görüşdə sonradan turnirin qalibi olan Fransa yığmasına 42:45 hesabı ilə uduzaraq 5-8-ci yerlər uğrunda uğrunda mübarizə aparıb. Yaponiya sablyaçılarına 45:42 hesabı ilə qalib gələn qılıncoynadanlarımız ardınca Macarıstan seçmə kollektivini 45:40 hesabı ilə məğlub edərək 24 komanda arasında 5-ci olub.
Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç, Valeriya Bolşakova və Səbinə Kərimova təsnifat mərhələsini uğurla adlayaraq ən güclü "64-lüy"ə yüksəlməyi bacarıb. Anna Başta isə reytinqi yüksək olduğundan mübarizəyə birbaşa final mərhələsindən başlayıb.
Lakin təmsilçilərimizdən heç biri "32-liy"ə yüksələ bilməyib. Anna Başta britaniyalı Kaitlin Maksvellə (13:15), Səbinə Kərimova yapon Seri Ozaki (14:15), Valeriya Bolşakova fransalı Sara Balzara (8:15), Palina Kaspiaroviç isə italyan Martina Kriskioya (9:15) məğlub olub.