"Neftçi"nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin Fanat.az-a müsahibəsi
- Avropa Liqasının II təsnifat mərhələsində Sloveniyada "Koper" üzərində qələbə (2:0) haqda təəssüratlarını bilmək istəyərdik.
- Kimin meydanda olmasından asılı olmayaraq, biz bir komandayıq. Əsas qələbə idi. "Neftçi" bir daha səviyyəsini sübut etdi. Hamımız qələbəyə inanırdıq və Bakıdakı məğlubiyyətin təsadüf olduğunu sübut etmək əzmində idik. Onlar Bakıda iki hücum etdilər və hər iki halda fərqləndilər. İkinci dəfə "Koper"ə belə bir şans verməyə ixtiyarımız yox idi. Nəinki qalib gələcəyimizə, hətta qapımızdan top buraxmayacağımıza əmin idik. Onlara 3-4 top fərqi ilə qalib gəlmək istəyirdik. Nə etmək olar, 2:0-da yaxşı nəticədi.
- Ancaq son dəqiqələrədək 2-ci qol gəlmirdi. Daxili bir hiss keçirmirdiniz ki, Avropa Liqası ilə erkən vidalaşmalı olacaqsınız?
- Allaha and olsun rahat idim ki, daha bir qol vuracağıq. Biz onlardan güclü idik. Mərhələni biz keçməli idik və sonda belə də oldu!
- "Neftçi"nin növbəti rəqibi Gürcüstan "Çixura"sıdı. Bu oyun barədə nə düşünürsünüz? "Koper"lə müqayisə etsəniz, hansı daha güclüdü?
- "Koper"lə "Çixura" fərqli taktikayla oynayırlar. Sloveniya təmsilçisinin heyətində lider futbolçular yoxdu. Onlar kollektiv oyuna üstünlük verirlər. Kompakt şəkildə müdafiə olunurlar, öz şanslarını gözləyirlər. "Çixura" isə daha yaradıcı futbola üstünlük verir. Hansı futbolun daha səmərəli olması barədə fikir yürütmək çətindi. Hər halda "Bursaspor" kimi komandanı keçən klub zəif ola bilməz və onları ciddiyə alırıq.
- Eyni zamanda 1 ay öncə "Çixura" ilə 2 dəfə yoxlama oyunu da keçirmisiniz. Başqa sözlə, rəqib sizə yaxşı tanışdı...
- İlk oyunda 2:3 hesabı ilə uduzduq. İkinci görüşümüz 1:1 başa çatdı. Avroliqada bunun əvəzini çıxacağıq. Bu sözlərimlə "Çixura"nı kiçiltmək niyyətim yoxdu. Əksinə, onları ciddiyə almasaq bunun acısını çəkə bilərik. Sadəcə, öz komandamıza güvənirəm və "play-off"a yüksələcəyimizə əminəm. Çalışacağıq ki, cütlüyün taleyini Bakıdakı oyunda həll edək və Gürcüstana rahat yollanaq.
- Necə ki, 2 il öncə Gürcüstanın digər təmsilçisi "Zestafoni"ni paytaxtımızda 3:0 məğlub etmişdiniz?
- Bəli, həmin oyunda iştirak etmişdim və fərqlənmişdim.
- Bu iki gürcü klublarını müqayisə etsək, hansı daha səviyyəlidi?
- Zənnimcə, "Zestafoni" daha güclü idi. Baxmayaraq ki, "Çixura" ilə yoxlama görüşlərində qələbə qazana bilməmişik, bunu rəsmi görüşdə edəcəyimizə inanıram. Hər halda yoxlama oyunu ilə rəsmi matç arasında böyük fərq var.
Fanat.az