Azərbaycan Beynəlxalq Bankı (ABB) daha bir idman qurumuna pul ayırmaqdan imtina edib.
Sport7.Az saytının əldə etdiyi məlumata görə, ABB uzun müddət sponsorluq etdiyi Azərbaycan Milli Karate Federasiyası ilə əməkdaşlıqdan vaz keçib.
Bu məsələni dəqiqləşdirmək üçün bankla əlaqə saxladıq. ABB-nin mətbuat xidmətindən təsdiqlədilər ki, Bankla Milli Karate Federasiyası arasındakı illik müqavilənin müddəti 31 dekabr 2016-cı il tarixində başa çatıb və yeni müqavilə bağlanmayıb. Bu, ABB-nin sağlamlaşdırılması çərçivəsində atılan addımlardan biridir.
Əslində Milli Karate Federasiyasının Fransanın paytaxtı Parisdə keçirilmiş Karate 1 Premyer Liqa yarışlarına maliyyə çətinliyi səbəbindən tam heyətlə yola düşməməsi də məsələnin ciddiliyindən xəbər verir. İndi federasiyanın Keşlə qəsəbəsindəki, Heydər Əliyev prospektində yerləşən Beynəlxalq Bankın binasından çıxarılması da gözlənilir. Çünki əvvəl federasiyanın sponsorluq müqaviləsində bankın öhdəlikləri içərisində ofis məsələsi də qeyd olunmuşdu.
Bu məsələni federasiya prezidenti Yaşar Bəşirovla dəqiqləşdirmək istəsək də, hələ Parisdə olduğu üçün onunla danışmaq mümkün olmadı. Ancaq federasiyanın I vitse-prezidenti Rəhman Hətəmovla danışmaq mümkün oldu. O, ofisdən çıxmayacaqlarını bildirdi: "Bəli, bank bizimlə yeni müqavilə bağlamayıb. Əslində bizə müqavilə bağlanmayacağına dair rəsmi məktub göndərilməlidir. Ancaq hələ də göndərilməyib. O ki qaldı ofisdən çıxarılmağımıza, biz Azərbaycanın bayrağını xaricdə yüksəldirik. Niyə ofisdən çıxarılmalıyıq ki?"
Qeyd edək ki, ABB ötən həftə rəsmi şəkildə xüsusi mülkiyyətində olan "İnter" futbol klubundan imtina etdiyini bildirib.
Fanat.Az