|

|
Seçdiklərimiz
28-07-2010 "Bakı"da erməni də oynaya bilər
Paylaş
İstefa ərizəsi yazanlar səmimi addım atıblar, yoxsa Məmmədovu ələ salırlar? Fanat: İndi paytaxt klubunda hamı yanıb-yaxılır. Çernoqoriya “Buduçnost”unu hər iki görüşdə yenib, növbəti mərhələyə çıxmamaq “Bakı” rəhbərliyinə necə od vurubsa, əsəbdən zəncir çeynəyirlər. Baş məşqçi Vinfred Şaferin Danimarka “Brondbü”süylə oyunun hesablarını apardığı bir zamanda ortaya çıxan texniki məğlubiyyət şoku deyəsən, çempionat matçları öncəsi ölkə kubokunun sahibinin hazırlığına da təsir edəcək. Təsəvvür edin ki, Premyer Liqanın yeni mövsümünün startına 10 gün qalıb, amma “Bakı” gərginlik içindədi. İndi hamı günahı özündə görə-görə günahkar axtarır. Amma elə rəhbərliyin tam tərkibdə istefa verməsinin özü də bacarıqsızlığın nəticəsidi. Belə çıxır ki, klubun ikinci dərəcəli rəhbər şəxsləri, iş icraçıları bu olayın konkret günahkarını tapmaqda belə acizdi və hər şeyi yalnız Hafiz Məmmədov həll etməlidi. Vedrə-vedrə vitse-prezidenti, icraçı direktoru, departament rəhbəri olan klubda iş bölgüsü o qədər bərbad qurulub ki, bu komandada erməni də oynasa, heç kim bilməz. Ən azı Joel Epalle faktı belə deməyə əsas verir. Hafiz Məmmədovun “Buduçnost”la cavab görüşündən sonra elə Çernoqoriyada verdiyi müsahibə hələ də mənim üçün müəmmalıdı. Belə ki, o, bu işdə həm də jurnalistləri günahkar bilib, Epallenin cəzalı olmasını bizlərin araşdırmalı olduğumuzu dilə gətirmişdi. Hörmətli klub prezidenti, əgər sizin klubun sənədləşdirmə işlərini də biz həll edəcəkdiksə, o zaman qardaşınız Zeynal Məmmədovu niyə yumşaq kresloda oturdursuz? Məddahlara pul paylamağa? Və ya mətbuat xidmətinə bir vaqon adamı ona görə yığmısız ki, oyunçuların sizi tərifləyən açıqlamalarını sayta yerləşdirsinlər? Bir klubda ki, transferləri mətbuat katibi, vitse-prezident, baş menecer, icraçı direktor - kəsəsi, hamı təşkil edə bilir, o zaman hansı böyük planlardan danışırsız? “Böyük “Bakı”-2012? planı bu yarıtmaz işçilərlə indidən iflasa uğrayıb. Hafiz bəy klubun təsisləşməsi yolunda böyük işlər görüb. Şafer kimi məşqçini gətirmək, səviyyəli oyunçuları transfer etmək, klubda ideal şərait yaratmaq onun xidmətidi. Amma təəssüf ki, kadr seçimi Məmmədovun ən zəif cəhətidi. Külli-ixtiyarı verib qardaşı Zeynal bəyə, o da son model avtomobili traktor sürücülərinə həvalə edib. Və ən nəhayət, onlar da kotanladılar ümidlərimizi. Doğrusu, Hafiz bəyin yerinə olsaydım, fürsəti əldən verməzdim. Bir halda ki, bütün rəhbərlik istefa verib, mən də onların ərizələrini qəbul edərdim. Onda bilinərdi ki, ərizə yazanlar həqiqətən səmimi qəlbdən bu addımı atıblar, yoxsa Məmmədovu ələ salırlar. Doğrusu, bunun başqa adı yoxdu. Bütün oyunçuların sənədlərini yoxlamalı olan şəxs olmalıdı. Klub rəisi, menecer, mətbuat katibi, vitse-prezident - kimsə bu işdə birbaşa məsuliyyət daşımalıdı. Və deməli, istefanı da həmin şəxs verməlidi. Yoxsa ki, ucdantutma istefa Hafiz bəyi fakt qarşısında qoymaq deməkdi. Yəni ki, ya hamımızı qovub klubu dağıtmalısan, ya da hamımızı bağışlamalısan. “Bakı” rəhbərliyi çətinlik çəkirsə, mən onlara günahkarı göstərə bilərəm. Bu məsələdə birbaşa günahkar futbolçunun özüdü. Çünki Epalle cəzalı olduğunu birbaşa özü bilməliydi. Hər halda onun əvəzinə məni meydandan qovmayıblar. Deyək ki, Afrikanın qızmar günəşi onun beyin hüceyrələrinin yaxşı inkişafına imkan verməyib, o zaman bu işdən faiz qatlayan Tunc Afşarın növbəsi gəlir. Klubda məsul post tutan bu şəxs cibinə qoyduğu avrolarla yanaşı, oyunçunun da yararlılıq keyfiyyətinə baxmalıydı. Yalnız bundan sonra texniki səhv etməsi güman olunan mətbuat xidməti işçilərinə nəzər salmaq olar. Kəsəsi, bu transferin reallaşmasında əsas rol oynayan, müqaviləyə məsul şəxs kimi imza atan Afşar qovulmalı, Epalle ən azından böyük məbləğdə cərimə edilməli, bu işdə rolu olan digər şəxslər isə töhmət almalıdı. Daha kütləvi istefa çıxış yolu deyil, əksinə, özünü gülünc vəziyyətdə qoymaqdı. …"Bakı"da qeyri-müəyyənlik hələ 2-3 gün də davam edəcək. Klub prezidenti Hafiz Məmmədov xaricdən gəlib, hamını yerbəyer edəcək… Şamo//"Ekspress" Oxunub: 810 dəfə. Şərhlər: 1 Bu xəbərə fikir bildir və ya şərhlərə bax |
|








