"Ağ-göylər"in rəqibi olan "ağ-göylər" - TANITIM

“İnter” Avropa Liqasının I təsnifat mərhələsində “Mladost”la qarşılaşacaq. Fanat.Az xəbər verir ki, Serbiya klubu azərbaycanlı futbolsevərlər üçün tanış rəqib deyil.


 

1952-ci ildə yaranan Luçani təmsilçisi 2016-cı ilin yayında Samir Əliyevin çalışdırdığı "Neftçi"ni mübarizədən kənarlaşdıran (bakılılar evdə 1:1, səfərdə 2:2 hesablı heç-heçələrlə mübarizəni dayandırmışdı) Çernoqoriya "Mladost"unun adaşıdı. Bu komandanı Podqoritsa klubuyla adından başqa heç nə bağlamır. İkisinin də sabiq Serbiya və Çernoqoriyanı təmsil etdiyini nəzərə almasaq...



65 yaşlı "ağsaqqal"ın ciddi uğuru olmayıb. azarkeşlərinin "Uran" ləqəbiylə əzizlədiyi klub Yuqoslaviya imperiyası dönəmində - 1994-95 mövsümündə yüksək liqaya vəsiqə qazanana qədər aşağı dəstədə belə desək, başını girləyib.


 

2006-07 mövsümündə II divizionda çempionluğu bayram edən “Mladost” bircə mövsüm elitada qalıb və yenidən aşağı liqaya yuvarlanıb. 2008-ci ildən 2014-cü ilə qədər II divizionda mübarizə aparan bakılıların rəqibi 2013-14 mövsümündə yenidən elitaya yüksəlib.

 

Əvvəlki iki mövsümdə müvafiq olaraq 7-ci və 9-cu pillələri tutan komanda ötən mövsüm 4-cü yerə sahib çıxaraq, tarixində ilk dəfə avrokuboklara vəsiqə əldə edib.

 

Luçani təmsilçisini 2014-cü ildən yerli mütəxəssis Nenad Milovanoviç çalışdırır. Komanda ev oyunlarını 8000 tamaşaçı tutumuna malik “Mladost” stadionunda keçirir. Bu komandanın formasını vaxtı ilə azərbaycanlı futbolçu geyinib. Belə ki, "Mladost"un ən məşhur futbolçusu kimi Murad Hüseynov göstərilir. Ölkəmizdə "Qəbələ", "Sumqayıt" və "Bakı"nın formasını geyinən milliləşdirilmiş futbolçu milli komandamızda 5 oyun keçirərək 1 qol vurub. Murad 2009-2011-ci illərdə "Mladost"da çıxış edib. 

 

Əsası yerli oyunçulardan təşkil olunan “Mladost”un heyətində Bosniya və Hersoqovina, Monteneqro və Nigeriyadan futbolçular yer alır. Komanda bu yay bir neçə yeni transfer reallaşdırıb ki, onlar arasında Özbəkistan millisinin hücumçusu Husniddin Qafurov və qanalı forvard Bismark Appya da var.


Maraqlı məqamlardan biri də odu ki, Bakı təmsilçisinin rəqibi də ağ-göy formalardan istifadə edir.




Fanat.Az

Ana Səhifə