"Qəbələ" avrokuboklara vəsiqə və medalı təmin etdi

Premyer Liqada daha bir medalçı və Avropa kuboklarına vəsiqə qazanan növbəti klubun adı müəyyənləşib. Bu, hazırda 2-ci pillədə gedən "Qəbələ"dir. 


Roman Qriqorçukun baş məşqçi olduğu komanda XXIII turda səfərdə AZAL-la 1:1 hesablı heç-heçə edərək, xallarını 47-yə çatdırıb. 4-cü pillədəki "Zirə" də "Qarabağ"la qarşılaşmadan 1 xalla ayrılıb - 0:0. Beləliklə, "Qəbələ"nin çempionatı avrokuboklara vəsiqə verən ilk "3-lük"də başa vuracağı dəqiqləşib. Başqa sözlə, "qırmızı-qaralar" ardıcıl 4-cü mövsüm medalçılar sırasında yerini təmin edib.


Amma əvvəlki 3 ildə "Qəbələ" yalnız bürünc medalla kifayətlənibsə, bu dəfə nəinki gümüş, hətta qızıl medal qazanma şanslarına malikdi. Lakin "qırmızı-qaralar"ın 2-ci yeri təmin etməsi XXV, çempionluğa yiyələnməsi isə XXVI turdan tez gerçəkləşməyəcək. Təbii ki, bunun üçün 3-cü pillədəki "İnter" növbəti 2, lider "Qarabağ" isə növbəti 3 turda uduzmalı, Roman Qriqorçukun komandası isə meydanı yalnız 3 xalla tərk etməlidi.


Qeyd edək ki, avrokuboklara ilk vəsiqəni XXII turda "Qarabağ" qazanıb. Reqlamentə əsasən, daha 2 vəsiqəni bürünc medalçı ilə Azərbaycan Kubokunun sahibi təmin etməlidi. Kuboka ilk "3-lük"dəki komandalardan biri sahib çıxsa, 4-cü vəsiqə 4-cü pillənin sahibinə qismət olacaq. Hazırda 3-cü pillədə 39 xalla "İnter", 4-cü pillədə isə 30 xalla "Zirə" qərarlaşıb. ("Report")


Fanat.Az

Ana Səhifə