Almaniyada təşkil olunan Avropa çempionatının startına neçə saat qalıb. Məlum olduğu kimi, ölkəmizdə AÇ-2024-ün yayım hüququ İTV-yə məxsusdur.
Bununla belə, qitə çempionatına "CBC Sport" vasitəsilə də baxmaq mümkün olacaq.
Bu haqda kanalın baş redaktoru Şəmsəddin Abbasov Fanat.Az-a məlumat verib:
"Rüstəm Əfsərli və Nurlan Valehoğlu artıq Almaniyadadırlar. Onu da deyim ki, ötən gündən "Almaniya gündəliyi" verilişi başlayıb. Şərhçilərimiz oradan canlı bağlantı etdilər. Avropa Çempionatı ərzində oyundan əvvəl və sonra bu verilişlə tamaşaçıların qarşısında olacağıq. Həmçinin, canlı bağlantılar da davam edəcək. Çəkiliş qrupumuz oradakı ən son durum və ab-havanı bizə çatdıracaqlar. Həmçinin, AÇ-2024-ün qrup mərhələsindəki son turun oyunlarının canlı yayımını həyata keçirəcəyik. Hansılar ki, eyni vaxtda başlayacaqlar".
Xatırladaq ki, AÇ-2024 iyunun 14-dən iyulun 14-nə qədər Almaniyanın 10 şəhərində keçiriləcək.
Mirağa