İyunun 12-də tarixdə ilk dəfə Azərbaycanda futbol üzrə Avropa çempionatının final mərhələsinin ilk oyunu keçirilib.
Fanat.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva A qrupunun Bakı Olimpiya Stadionunda keçirilən Uels-İsveçrə matçına baxıblar.
Matçın ilk hissəsi qolsuz başa çatıb. İsveçrə millisinin hücumçusu Bril Embolo matçın 49-cu dəqiqəsində hesabı açıb. Bundan sonra hücumlarının sayını artıran Uels komandası 74-cü dəqiqədə Kiffer Murun qolu ilə hesabı bərabərləşdirib. Matçın 85-ci dəqiqəsində İsveçrə yığmasının hücumçusu Mario Qavranoviçin Uels millisinin qapısına vurduğu qol isə videonəzarət sistemində baxıldıqdan sonra qeydə alınmayıb. Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə AÇ-2020-nin oyunları müxtəlif ölkələrdə təşkil olunub. Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində iyunun 16-da Türkiyə - Uels və iyunun 20-də isə Türkiyə - İsveçrə oyunlarına da ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda 1/4 final mərhələsinin bir qarşılaşması olacaq.
Fanat.Az