"Barselona"nın baş məşqçisi Xavi Avropa Liqasının 1/16 final mərhələsinin cavab oyunları çərçivəsində bu gün "Mançester Yunayted"ə qarşı keçirəcəkləri səfər matçından öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Reuters" onun dediklərini belə çatdırıb:
"Bizi çətin oyun gözləyir. Hazırda "Mançester Yunayted" Avropanın ən güclü komandalarından biridir. Erik ten Haqın gördüyü iş göz qabağındadır. Öz oyun üslubumuza sadiq futbol sərgiləməli, bütün komponentlərdə onlardan geri qalmamalıyıq. Söylədiyim kimi, MY artıq qayıdıb və biz sübut etməliyik ki, Avropada rəqabət aparacaq gücdəyik.
Bura istək və ehtirasla gəlmişik. Heyətdəki itkilərə rəğmən (Pedri, Qavi və Usman Dembele - red.), özümüzün ən yaxşı versiyamızı göstərmək üçün səbirsizlənirik. Bilirik ki, çətin olacaq. Ancaq növbəti mərhələyə adlamağa qadir komandamız var".
Qeyd edək ki, tərəflərin ilk dueli 2:2 hesablı heç-heçə ilə bitib.
Nihat