UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Ayaks"ı qəbul edəcək "Qarabağ"ın Niderland nəhəngi ilə oyunda nə ilə yadda qalacağı böyük maraq doğurur.
Tanınmış futbol mütəxəssisi Adil Şükürovla əlaqə saxlayıb ilk 2 turda "Tottenhem" (0:3) və "Malmö"yə (1:2) uduzan təmsilçimizdən bu dəfə nə gözlədiyini soruşduq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Qarabağ"ın əvvəlki illərdə də adlı-sanlı rəqiblərindən çəkinmədiyinin şahidi olmuşuq. Amma komanda Bakıda doğma azarkeşlər önündə çıxış edəndə sanki, ehtiyatlı oynayıb və bunun da nəticəsi olaraq, bəzən qapısında qollar görüb. Bu da "Qarabağ"ın azarkeşlərə məyusluq yaşatmamaq istəyindən irəli gəlir. Qıraqdan baxan da düşünür ki, "Qarabağ" Bakıdakı oyunlarda qapısının toxunulmazdığının qeydinə qalmaq istəyir. Amma səfər oyunlarında komanda daha çox hücum edərək gözə xoş gələn futbol sərgiləyir. Rəqibin "Ayaks" olduğunu və Nederland çempionatda iki oyun az keçirməsinə baxmayaraq, 16 xalla beşinci pillədə qərarlaşıb rəqiblərin qapısına 17 qol vurub 7-ni buraxmasını nəzərə alsaq, "Qarabağ" bu dəfə evdə daha ehtiyatlı olmalıdır. Təbii ki, hərkəs "Ayaks" ilə oyunda komandamızdan qalibiyyət və bol qollu oyun görmək istəyəcək. Hər kəs "Qarabağ"a inanır və yaxşı oyun gözləyir.
"Qarabağ" üçün yeni formatda keçirilən Avroliqa oyunları həm də adlı-sanlı rəqiblərlə matçlarda özünü təsdiqetmək fürsətidir. Komandanın iki turdan sonra xalsız olmağı məncə, elə də böyüdülərək faciəyə çevriləsi bir şey deyil. "Qarabağ" hələ xallar qazanacaq, biz buna inanırıq.
Son oyunlarda sanki, "Qarabağ"ın futbolçuları ələ düşən imkanlardan yetərincə istifadə edə bilmir. Avroliqa oyunlarında hər imkan matçın taleyini həll etmək baxımından vacibdir. "Qarabağ əvvəlki oyunlarda əldə etdiyi imkanlardan yararlana bilsəydi, indi komanda Çempionlar Liqasında "Dinamo Zaqreb"in yerində idi. Ən böyük problemlərdən biri də yerli çempionatımızın Avropa Liqasındakı rəqiblərimizin liqalarından çox geri qalmasıdır. Ona görə də biz yerli çempionatdakı oyunlara əsasən "Qarabağ"ın formada olub-olmadığını tam müəyyənləşdirə bilmirik. Amma Avropa arenasındakı oyunların ardıcıllığına nəzər saldıqda, deyə bilərik ki, "Qarabağ" öz optimal formasına yaxındır".
Qeyd edək ki, "Qarabağ" - "Ayaks" oyunu oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə 20:45-də başlayacaq.
Mirağa