"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasında Fransanın "Olimpik Lion" komandasına qarşı keçirdikləri oyunu dəyərləndirib.
Fanat.Az xəbər verir ki, təcrübəli mütəxəssis 1:4 hesabı ilə məğlub olduqları görüşlə bağlı belə danışıb:
"Azakeşlərimizə təşəkkür edirəm. Soyuq havada komandamıza dəstək oldular. Oyuna gəlincə, hesab üzücü oldu. Futbol bu cür səhvləri bağışlamır. Xüsusilə ikinci qolda Kevin Medinadan bu cür səhv gözləmirdik. Buraxılan qola görə Medinaya hansısa iradım yoxdur. Çünki texniki səhv idi. Həqiqətən futbolçularımdan razı qaldım. Çünki hər iki hissədə qol imkanlarımız oldu. Hesab oyuna görə olmadı. Ancaq tam olaraq bəxtimiz gətirmədi sözünü də demək istəmirəm.
"Olimpik Lion" həqiqətən yaxşı futbolçulardan təşkil olunub. Hücumçuları hər zaman eyni tempdə çıxış edirlər. Etiraf etməliyik ki, rəqiblərimiz bizimlə oyunlara çox ciddi yanaşırlar. Avropa futbolu günü-gündən inkişaf edir. Lakin biz öz mübarizəmizi aparırıq. Qarşıda bizi daha 3 oyun gözləyir. Düşünürəm ki, niyə də uğur qazanmayaq. Sona qədər mübarizə aparacağıq".
Qeyd edək ki, "Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsinin VI turunda İsveçdə "Elfsborq"un qonağı olacaq.