"Laçi” klubunun direktoru Naim Halili Avropa Liqasının I təsnifat mərhələsində rəqibləri olan "Keşlə” haqqında danışıb.
Fanat.az xəbər verir ki, Albaniya mətbuatına danışan klub rəsmisi mərhələyə adlayan tərəf olacaqlarını deyib.
"Bizim üçün adi oyun olacaq. Tamaşaçısız olduğundan, meydan amilinin matça təsir edəcəyini düşünmürəm. Bizim üçün evdə və ya səfərdə oynamağın bir fərqi yoxdur. Hesab edirəm ki, Azərbaycan təmsilçisinə qalib gələcək heyətimiz var. "Laçi” oyunu həll edə biləcək keyfiyyətlərə malikdir. Komandaya güvənirəm, buna görə də mərhələni keçəcəyimizə inanıram. "Keşlə”ni az da olsa tanıyıram. Çünki iki il əvvəl Mladen Milinkoviç orada çalışırdı və bəzi matçlarını izləmək fürsətim olmuşdu”, deyə Naim Halili qeyd edib.
Halili onu da deyib ki, Azərbaycana girişlə bağlı məhdudiyyətlər olduğu üçün, matçın başqa ölkədə keçirilməsi mümkündür: "Hələ də Azərbaycanda oynayacağımızı dəqiq bilmirik. Hər şey koronavirusla bağlı vəziyyətdən asılıdır. Kiprdə və ya İspaniyada oynaya bilərik. Yaxın günlərdə məkan dəqiqləşəcək və hər şey müəyyənləşəcək".
Qeyd edək ki, "Keşlə” – "Laçi” oyunu avqustun 27-də Bakıda keçirilməlidir.
Fanat.az