Türkiyənin "Sivasspor" klubunun prezidenti Mecnun Otyakmaz Avropa Liqasının I qrupunda İspaniyada "Vilyarreal"a qarşı keçirəcəkləri ilk tur matçı barədə danışıb.
Fanat.Az xəbər verir ki, 55 yaşlı funksioner qrup mərhələsində əldə etdikləri hər xalın çox önəmli olacağını bildirib.
"Bu gün İspaniyaya gedirik. Ölkəmizi avrokubokda təmsil etdiyimiz üçün həyəcanlıyıq. Etdiyimiz transferlərlə ötən mövsümdəkindən daha yaxşı komanda qurduq. Komandada bir az uyğunlaşma problemi var. Səfərdən xalla qayıda biləcəyimizə ümid edirəm. Təbii ki, qrupdan çıxmaq istəyirik. "Vilyarreal" birinci səbətdə olduğu üçün favoritdi. Digər üç komandanın bir-biriləri ilə eyni gücdə olduğunu düşünürəm. Qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanmaq niyyətindəyik", deyə Otyakmaz qeyd edib.
Qeyd edək ki, oktyabrın 22-də keçiriləcək "Vilyarreal" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Həmin gün eyni saatda "Qarabağ"ın İsrailin paytaxtı Təl-Əvivdə "Makkabi" ilə görüşü start götürəcək.
Fanat.Az