Sabah "Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununu keçirəcək. Ağdamlılar səfərdə Almaniyanın "Frayburq" kollektivinə qarşı oynayacaq.
Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın sabiq hücumçusu Vaqif Cavadov Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın şanslarını dəyərləndirib:
"Əlbəttə ki, çətin səfər olacaq. Rəqibin oyunlarına baxsaq, görərik ki, Almaniya çempionatında olduqca yaxşı təsir bağışlayır. "Frayburq"un son oyunda səfərdə "Bayer Leverkuzen"i məğlub etməsi bunu deməyə əsas verir. Bir daha qeyd edim ki, çətin olacaq. Amma belə vəziyyətlərdə "Qarabağ" çıxış yolu tapa bilir. Dünən gecə "Dinamo Zaqreb" necə sürpriz etdisə, ümid edirəm ki, bizim komandamız da bizi sevindirəcək.
Sabah "Qarabağ"da hansı oyunçunun nə vəziyyətdə olması da önəmlidir. Futbolçular yüksək əhval ruhiyyədə, fiziki və psixolji hazır olmalıdırlar.
Əlbəttə ki, Vadjinin yoxluğu istənilən halda, özünü göstərməlidir. O, öncəki oyunlarda yaxşı forma yığmışdı. Amma düşünürəm ki, onun yoxluğunu Ramil Şeydayev unutdura bilər. O, yerli çempionatda özünü ən yaxşı tərəfdən göstərir".
Emin Şəmsiyev