Uzun fasilədən sonra elitaya qayıdan "Kəpəz" bütün diqqətini Azərbaycan çempionatına yönəldə bilmir ki, bunun əsas səbəbi klubdaxili münaqişələrdir. Yaşar Vahabzadə təzyiqlərə dözməyib baş məşqçi postundan istefa verdikdən sonra onun yerinə keçən Tərlan Əhmədovun gəlişi ilə gərginlik pik həddə çatıb.
Təcrübəli çalışdırıcının Rauf Əliyev və Əfran İsmayılovu əsas komandadan kənarlaşdırması, futbolçuların ona yönəlik ittihamları, o cümlədən Əhmədovun əvəzedici komandanın çalışdırıcısı Xaliq Mərdanovla mübahisəsi "Kəpəz"in düşərgəsindəki atmosferin acınacaqlı olduğunu göstərir. Klub rəhbərliyində yer alan bəzi şəxslərin aranı qatması da artıq sirr deyil.
Bununla bağlı Fanat.Az yeni fakt əldə edib. Belə ki, klubun idman direktoru Mehman Allahverdiyev özünün "WhatsApp"ında status paylaşıb və Əfran İsmayılovun Tərlan Əhmədovla davanın təfərrüatları ilə bağlı bir neçə sayta verdiyi açıqlamanı yayıb. Beləliklə, klub funksioneri qəsdən intizamsız futbolçunun hərəkətinin təbliğatçısı olub. Bu isə onun Tərlan Əhmədovun belə desək, ayağının altını qazmasından xəbər verir.
Məsələ ilə bağlı klubun mövqeyini də öyrəndik. Faktı təəccüblə və təəssüflə qarşılayan mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Allahverdiyevlə dəqiqləşdirmə apardıqdan sonra saytımıza bunları dedi: "Mehman müəllimlə danışdım. Onun status qoymaqdan başı çıxmır. Dediyinə görə, telefonda nəyəsə baxırmış və həmin yazılar bilmədən statusa düşüb. Yəni qəsdən yox, bilmədən edib".
Mirağa