Dünən Azərbaycan Premyer Liqasının XX turu çərçivəsində "Kəpəz"i qəbul edən "Səbail" Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəsini qazandı. Həmin qarşılaşmada xüsusi canfəşanlıqla yadda qalanlardan biri də Bakı təmsilçisinin yarımmüdafiəçisi Elmir Tağıyev idi. Bəlkə də məhz çox enerji xərclədiyinə görə 64-cü dəqiqədə əvəzlənən yarımmüdafiəçi ilə əlaqə saxlayıb “ASCO Arena”dakı matç barədə fikirlərini öyrəndik.
22 yaşlı yarımmüdafiəçinin Fanat.Az-a açıqlaması belə oldu:
"Ağır oyun idi. Hər iki tərəf qələbə qazanmaq istəyirdi. Komandada əvvəlki nəticələrdən irəli gələn ruh düşkünlü yarandığı üçün bizim üçün 3 xal çox vacib idi. Açıq futbol oynadıq. İnanırdıq ki, müsbət nəticə əldə edə, istəyimizə çata bilərik. Yekunda 3 xal bizim olduğu üçün şadam. Bu, baş məşqçimiz Şahin Diniyevin rəhbərliyi altında ilk qələbəmiz idi.
Əlbəttə, komanda olaraq müəyyən çatışmazlıqlarımız yenə də var. Ancaq zamanla hər şeyin yaxşıya doğru dəyişəcəyini düşünürəm. Bu qələbənin bizim toparlanmağımız üçün dönüş nöqtəsi olacağına inanıram. Qarşıdakı matçlarda uğurun ardını gətirməyə çalışmalıyıq".
Nihat