Futbol üzrə Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev yanvarın ortalarında ciddi xəsarət alaraq uzun müddətə sıradan çıxdı. Ağdam təmsilçisinin Antalya toplanışında qolu sınan və aprelin sonlarına qədər məşq edə bilməyəcəyi dəqiqləşən 28 yaşlı qolkiper yığmanın AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində martın 24-də Avstriya, 27-də isə İsveçlə səfər matçlarında olmayacaq.
Maraqlıdır, onun yoxluğunda baş məşqçi Canni De Byazinin start "11-lik"də hansı qolkiperə şans verməlidir?
Sualımızı Azərbaycanın tanınmış mütəxəssisi, millimizin sabiq üzvü Aslan Kərimov cavablandırdı:
"Mənim üçün nəsə demək çətindir. Çünki qapıçıların hansı formada olduğunu bilmirəm, məşqlərini görməmişəm. Ona görə nəsə demək çətindir. Amma daxili çempionatda qapıçıların göstərdiyi performansı götürsək, milli komanda təcrübəsi olan Emil Balayev mütəmadi olaraq qapıda olur. Düşünürəm ki, Şahruddinin yoxluğunda Emil bunun öhdəsindən gələ bilər. Sözsüz ki, siyahıda Səlahət Ağayev də var. O da "Qəbələ"də əsas heyət oyunçusudur. Mütəmadi olaraq meydana çıxır. Məncə, bu iki qapıçının arasında rəqabət gedəcək. Amma psixoloji olaraq hansının daha hazır olacağı təlim-məşq toplanışı zamanı bilinəcək. Və ya bəzən baş məşqçinin daha çox inandığı qapıçı olur. Mənim üçün səviyyə olaraq hər ikisi eynidir. Amma baş məşqçinin tərzi bəzən fərqli olur. Subyektiv fikrimi desəm, hazırki durumda Emil Balayevin qapıda durmaq şansı var.
Gənc qapıçılardan Yusif İmanov da var. Ancaq təcrübə baxımından milli komandanın qapısını qorumaq üçün erkən olduğunu düşünürəm. "Sabah"ın əsas heyətində çıxış etməsinə baxmayaraq, milli səviyyəsində bir balaca ehtiyatlı olmağa dəyər. Çünki "Sabah" milli komanda deyil. Daxili çempionatda "Sabah"ın qapısında ara-sıra təhlükəli qol imkanları olursa, yığmanın güclü rəqiblərə qarşı matçlarında oyun demək olar ki, bizim qapının önündə gedəcək. Burada qapıçının soyuqqanlılığı, təcrübəsi böyük önəm kəsb edir. Ona görə də mənə elə gəlir ki, Emil bunun öhdəsindən gələ bilər. Amma hər halda Səlahət də millinin heyətində təcrübəsi olan bir qapıçıdır. Lakin yekunda baş məşqçisinin kimi seçəcəyini demək çətindir".
Röya