I Divizionun 16-cı turu çərçivəsində fevralın 8-də “Türk Hava Yolları Futbol Mərkəzi”ndə keçirilmiş “Neftçi-2” – “Mingəçevir” matçının 71-ci dəqiqəsində dili qatlanmış bakılıların futbolçusu Həbib İsmayılovun durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gənc futbolçu "ağ-qaralar"ın sponsoru olan “Liv Bona Dea Hospital”da müayinədən keçib. “Neftçi-2”-nin həkimi Famil Şıxəliyev klubun rəsmi saytına açıqlamasında bu barədə məlumat verib: “Futbolçumuz Həbib İsmayılovun çənə sümüyünün KT-si nəticəsində zərbədən sonra əmələ gəlmiş sümük kontuziyasi mövcuddur. Boyun nahiyəsinin KT-sində heç bir zədə əlaməti müəyyən olunmayıb. Onun heç bir həyatı təhlükəsi olmadığı müəyyən edilib. Həbib 24 saat “Liv Bona Dea Hospital”da həkim nəzarətində qaldıqdan sonra bu gün evə buraxılacaq”.