"Şamaxı" Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Kəpəz"ə 2:3 hesabı ilə məğlub olub.
Şamaxı təmsilçisinin futbolçusu Emin Zamanov Fanat.Az-a açıqlamasında görüşü dəyərləndirib:
"Kəpəz"lə matça ciddi hazırlaşmışdıq. Oyunun çətin keçəcəyini bilirdik. Çünki həm azarkeş amilinin, həm də meydança amilinin hər komandaya olduğu kimi bizə də çətinlik yaradacağını bilirdik. Lakin buna baxmayaraq qələbə qazanıb düşdüyümüz "qara zolaq"dan çıxmaq istəyirdik.
Fikrimcə, matç pis keçmədi. Hər kəs əlindən gələni maksimum şəkildə etməyə çalışdı. Sadəcə meydançada bəxtimiz gətirmədi. Hesabı bərabərləşdirmək üçün şansımız oldu. Ancaq dediyim kimi, sonda bəxt bizdən yana olmadı. Ən az bir xalı haqq edirdik.
Həm rəhbərlik, həm məşqçilər heyəti, həm də futbolçular olaraq layiq olduğumuz yerdə qərarlaşmadığımızı bilirik. Layiq olduğumuz yerə çatmaq üçün əlimizdən gələni edəcəyik. Məncə, bacaracağıq. Buna inamım tamdır".
26 yaşlı yarımmüdafiəçi gələn tur qarşılaşacaqları "Sabah"la bağlı da danışıb: "Sabah" çox yaxşı komandadır. Heyəti yaxşı futbolçulardan təşkil olunub. Liderlər qrupunda olmağı bunu göstərir. Allahın izni ilə maksimum şəkildə çalışıb, uğursuz seriyamıza son qoymaq istəyirik".
Qeyd edək ki, XXIII turdan "Şamaxı" 16 xalla 10 komanda arasında 9-cu pillədə qərarlaşıb.
Röya