Azərbaycan Premyer Liqasının XXIV turunda "Turan Tovuz" öz meydanında "Zirə"yə 0:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, əyalət klubunun baş məşqçisi Ayxan Abbasov matçdan sonra keçirilən mətbuat konfransında məğlubiyyəti şərh edib:
"Üzücü məğlubiyyət oldu. Özümüz üçün də maraqlı idi ki, yuxarı pillələrdə qərarlaşan komandalarla necə mübarizə aparacağıq. Bu komandanın ustalıq səviyyəsi öz sözünü dedi. Oyun baxımından narahatlıq yoxdur. Matç bizim üstünlüymüz şəraitində keçdi. Qol vəziyyətlərimiz var idi. Matçın kritik vaxtında standart vəziyyətdən qol buraxdıq. Qarşıda çox matç var. Belə matçlarda, belə təzyiqdə qərar verməkləri futbolçuların inkişafı üçün vacibdir".
- Piruzinin olmaması hiss edilirdi. Sizin bu barədə fikriniz necədir?
- Piruzi son zamanlar oynadığımız oyunun əsas fiqurlarından biri idi. Hər futbolçunun itkisi bizim üçün çətinlik yaradır. "Sabah"la çətin matçdan sonra yorğunluğa görə ilk hissədə istədiyimiz təzyiqi edə bilmədik.
- Eltun Turabov və Faiq Hacıyevin əsas heyətdə olması nə ilə bağlı idi?
- Yarımmüdafiənin mərkəzində Piruzini əvəzinə dağıdıcı oyunçu buraxmaq lazım idi. Belə rəqibə qarşı Eltunun oynamasını uyğun bildik. Faiqin də çox yaxşı oyunları olub. 4-5 gündən bir rotasiyalar lazımdır. Gümrah futbolçulara ehtiyacımız olur.
- "Zirə" ilə xal fərqini azaltmağınız üçün yaxşı fürsətiniz var idi. Bu məğlubiyyətdən sonra çempionatdan avrokuboklara vəsiqə qazanmaq şansınızın itdiyini düşünürsüz?
- Belə vəziyyətlə ikinci dəfə idi üzləşirdik. Bir dəfə də "Zirə" ilə xal fərqini azaltmaq imkanı yaranmışdı, onda alınmadı. Belə matçlarda futbolçuların ustalığı önə çıxır. Biz də istəyərdik qələbə qazanaq. Ancaq bu il məqsədlərimiz başqadır. Qarşımıza avrokubok hədəfi qoymamışıq.
- Mövsümün sonunda müqaviləsi bitən futbolçularla danışıqlar başlayıb?
- Rəhbərliklə növbəti mövsümlə bağlı danışıqlarımız olub. Çempionatda iddialı olmaq çox böyük büdcə tələb edir. 5-6 komanda var ki, onlarla mübarizə aparmağımız asan deyil. Gələn il çempionat daha çətin olacaq. Lazım olan addımları atacağıq. Öncə büdcəmiz bəlli olmalıdır.
- İddiasız mübarizə aparırsız sanki. Qarşınızda hədəf yoxdur. Bu, futbolçuları motivasiya etməyə necə təsir edir?
- Bizdə hər məşqçiyə sual verirlər ki, niyə avrokuboklar üçün oynamırsız? Biri var büdcən yaxşıdır, avrokuboklara vəsiqə tələb edilir. Bir də var bizim kimi. Belə müqayisə aparmaq düzgün deyil. Biz inkişaf etmək istəyirik. Bu gün bölgəyə futbol gəlib. Əlbəttə, vaxtı gələndə, hazır olanda, qarşımıza avrokuboklar hədəfi qoyacağıq.