“Mingəçevir” futbol komandası I Divizionun 20-ci turu çərçivəsində “Şamaxı” ilə səfər oyununa gedərkən yolda avtomobil qəzasına uğrayıb. Klubun avtobusu "Şaqman" yük avtomobili ilə toqquşub, yaralılar var.
Qəzanın təfərrüatı ilə bağlı Fanat.Az-a məlumat verən "Mingəçevir"in İdarə Heyətinin sədri Ruslan Həmidov bunları deyib: "Hadisə İsmayıllı-Muğanlı yolunda baş verdi. Avtobusumuz döngədə qarşıdan gələn "Şaqman"la toqquşdu. Xoşbəxtlikdən ölüm-itimsiz xilas olduq. İçi mən qarışıq, 7-8 nəfər yüngül xəsarətlər almışıq. Kimisinin dodağı partayıb, kimisinin alını, almacığı əzilib, ayağından yüngül zədə alan var. Yalnız idman direktorumuz Zaur Qarayevin narahatlığı çox idi. Həm şoka düşmüşdü, həm də qabırğası əzilib. Hadisə yerinə gələn təcili-tibbi yardım həkimləri şokdan ayıltdılar, müayinə etdilər, sonra Şamaxıya xəstəxanaya apardılar.
Sağ olsun "Şamaxı" rəhbərliyi, avtobus göndərdilər. Uşaqları o avtobusla Mingəçevirə yola saldım. Özüm Zaur müəllimin arxasınca Şamaxıya gedirəm".
Qeyd edək ki, Peşəkar Futbol Liqası baş vermiş qəza ilə əlaqədar "Şamaxı-2" - "Mingəçevir" matçını təxirə salıb.
Mirağa