12:35 28.03.2023 629

"Futbolumuzu kor qoyanlar toxunulmazdırsa..." - SORĞU

AÇ-2024-ün seçmə mərhələsinin ilk iki oynunda böyük hesabla uduzan Azərbaycan yığması yerli futbolsevərləri üzüntülərə qərq etdi. Avstriyada 1:4 hesablı yenilgi alan Canni De Byazinin komandasının İsveçdə 5 cavabsız qolla məğlub olması uzun illərdir üst-üstə qalaqlanan sualların yenidən yada düşməsinə zəmin yaratdı. Ölkənin bir neçə tanınmış idman jurnalistinə eyni sualı ünvanladıq:

Yeni fiaskonun səsəbi nədir və vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

Rəşad Ergün, "Komanda.az" saytı: "Baş məşqçinin seçimlərində hansısa yanlışlar, komandalar arasındakı səviyyə fərqi - hamısı şərtdir. Bu potensialda futbolçularla daha yaxşısına ümid etməyə dəyməz. Uzaqbaşı daha kiçik hesablı məğlubiyyətlərə ümid etmək olar. Çıxış yolu nədədir? İlk olaraq, AFFA rəhbərliyi istefa verməlidir. Artıq neçənci dəfədir təkrarlanır, milli komandanın biabırçı nəticələrindən sonra heç kim istefa vermir. Təkcə futbolda deyil, ölkədə bütün sahələr üzrə istefa mədəniyyəti yaranan kimi artıq nələrsə düzəlməyə başlayacaq".

Ruslan Mikayıllı, "Azerisport.com": "Problem tək məşqçidə, onun futbolçu seçimində, müdafiəçini bacarmadığı halda, vinger mövqeyində oynatmasında deyil. Bu dərin problemə kompleks şəklində yanaşmaq daha düzgündür. Mövcud vəziyyətin günahı hamıdadır. Yəni idman jurnalistlərini çıxmaq şərti ilə qalan hamı günahkardır. AFFA-dan tutmuş meydana çıxan istənilən oyunçuya qədər hamı məsuliyyət daşıyır. Nə qədər şablon səslənsə də, belədir. Vəziyyətdən çıxış yoluna gəlincə, AFFA düz işləməli, futbolçu isə düz qaçmalıdır".

Kənan Məstəliyev, "Rekord.az" saytı: "İllərdir eyni sözləri deyir, təkrarlayırıq, sinonim tapmaqdan bezmişik. Sinonimlər də qurtarıb. Bu məğlubiyyətlər birinci dəfə deyil, ikinci deyil, onuncu deyil. İllərdir yaşanır, amma onlardan nəticə çıxarılmır. Hər dəfə yeni bəhanələr uydurulur, boş ümidlər verilir, açıq şəkildə yalanlar deyilir. Nəticə isə yenə sıfırdır. Ölkə futbolunu idarə edənlər nəhayət, cavab verməlidilər. Cavab verməlidilər ki, niyə bu qədər De Byazi kimi "yarımfabrikat" məşqçilər yığmanın başına keçirilir, "yarımfabrikat" futbolçular milliyə "calaq edilir", amma heç nə dəyişmir, nəticə eynidir? Niyə Avropanın cırtdan dövlətləri də bizə xal mənbəyi kimi baxmağa başlayıblar? Niyə biz ancaq geri gedirik? Kimlərsə cavab verməlidir. Vaxtdı, vaxtdan keçib, hər keçən gün, saat ziyanımıza işləyir". 

Natiq Muxtarlı, "Aut.az" saytı: "Başa düşmürəm, Azərbaycan yığmasının Avropa çempionatının seçmə mərhələsində ilk 2 oyunda məğlub olması niyə təəccüblə qarşılanmalıdır? Nə gözləyirdik ki? Azərbaycan futbolunun hansı durumda olduğunu bilmirdik? Uzaqbaşı, kiçik hesabla məğlub ola bilərdik, məşqçi düzgün taktika, oyun sistemi seçsəydi. Vəssalam, bundan artıq heç nə. 2008-ci ildən bəri Azərbaycan futbolunun idarəetmə sistemində nə dəyişib? Nə dəyişib ki, yığma komanda da dəyişsin? Eyni idarəçilər – qeyri-peşəkarlar, dəllallar, “istedadlı dələduzlar”, futbolu yox, çibini düşünən adamlar uzun illərdir ki, AFFA-da kök salıblar. Onlar “gözün üstə qaşın var” deyən yoxdur. Onlardan hesabat tələb edən yoxdur. Onlardan “milyonları hara xərcləyirsiniz” soruşan yoxdur. Və belə durumda biz gözləyirik ki, Azərbaycan Avstriya və İsveçə qalib gəlməlidir. Ölmüşdü Xankişi. Çıxış yolu nədir? Çıxış yolu odur ki, Azərbaycanda AFFA yaradılsın. Bu AFFA-ya futbolu bilən, peşəkar, vətənini sevən vicdanlı kadrlar cəlb edilsin. Onların futbolun inkişafı ilə bağlı plan və strategiyası olmalıdır. Bu işə bu gün başlanılsa, 10-15 ildən sonra Avstriya və İsveçlə oyunda qələbəyə ümid edə bilərik. Başlamırıq, AFFA rəhbərliyi - futbolumuzu kor qoyanlar toxunulmazdır. Toxunulmazdırsa, deməli, çıxış yol yoxdur. Dağılışaq!"

Emin Şəmsiyev, "ARB TV":  "Avstriya ilə oyunu qoyaq bir kənara, İsveçlə matçda buraxılan səhvlərdən danışaq. Əlbəttə ki, bunu əsasən rəqibdən gözləyirdik deyə yol verilən bir səhv belə, yaddaşımıza həkk olunacaqdı... Amma bunu milli komandadan gördük. Futbolda yol verilə biləcək ən böyük səhvlərdən biri də topu rəqib komandanın oyunçusuna hədiyyə etməkdir ki, bu da əsasən ötürmələr zamanı baş verir. Bu, hətta böyük komandaların oyununda da müşahidə olunur, amma bir komanda 90 dəqiqə ərzində 5-6 belə səhvə yol verirsə, bu, biabrçılıqdır. Avtoqolla isə nə qədər bərbad oynadığımızı tam olaraq sübut etdik. Kim nə deyir desin, komanda bu gün ancaq və ancaq qınanmalıdır. Problemi isə təkcə çalışdırıcıda və ya oyunçularda axtarmaq lazım deyil. Şans verilən futbolçular 90 dəqiqə İsveçin təzyiqinə tab gətirmirsə, baş məşqçi nə etsin? Baş məşqçi lazım olan futbolçuları millidə oynatmayıb digərlərini özü bildiyi kimi, yəni səhv mövqedə eksperiment olaraq sınayırsa, onda futbolçu nə etsin? Aləm dəyib bir-birinə. Bütün futbol ictimaiyyəti 5:0-dan sonra istefa gözlədiyi halda, De Byazi çıxıb deyir ki, yaxşı oynadıq. Bu, birinci belə hal deyil. Öz meydanımızda 4 top buraxanda da belə demişdi. Neçə qol buraxmalıyıq ki, nəhayət, senyorun gözləri açılsın? Problemin həlli bir ilin işi deyil. Çalışdırıcı kənarlaşdırılmalıdır və milli komanda müvəqqəti (və ya uzunmüddətli) yerli mütəxəssisə həvalə olunmalıdır. De Byazinin düşərgədə sözünün kəsəri yoxdur, futbolçular onu saymır və onun tapşırıqlarını lazımınca yerinə yetirmirlər. Milli komandanın çalışdırıcısına güvənilməli, onun qərarlarına ciddiyyətlə yanaşılmalıdır ki, bu De Byazidə yoxdur. Əyləncə şəraitini özü yaradır. İstər düşərgədə, istərsə də AFFA-da ancaq deyir, gülür və vaxtını keçirir. Bunu şəxsi müşahidəmə əsasən deyirəm. Belə məşqçi ilə yerli futbolçular nə etməlidir? Belə desək, məzələnməli, onu ciddiyə almamalıdır. Tapşırıqla komandaya oyunçu cəlb edib ona layiq olmadığı şansı verir. Yəni bundan sonra onun özü belə getməsə, federasiya onu  göndərməlidir. Xalq qarşısında, hakimiyyət qarşısında belə nəticələrə görə xəcalət çəkən federasiya öncə onu özü göndərməlidir. Davamına baxarıq".

Daşqın Əziz, "Offsideplus.az" saytı: "İki oyunun nəticəsindən sonra artıq heyətdə - qapıda, müdafiənin cinahlarında, yarımmüdafiədə niyə filankəsə şans verildi, onun yerinə bu oynamalı idi kimi məsələlərə toxunmağın mənası qalmır. Amma qısa da olsa, bu barədə danışmaq lazımdır.

Əsas müzakirə mövzularından biri yığmaya ilk dəfə çağırılan Yusif İmanovun belə ağır və ilk tsikl matçında qapıya qoyulması oldu. Ölkədəki qapıçı mütəxəssisləri də israrla bildirirdilər ki, başlanğıcda milli ilə beynəlxalq oyun təcrübəsi olmayan qolkiperə şans vermək riskdir. Amma De Byazi əksini etdi.

Bir baş məşqçi ki, çempionatımızın bombardirini (Musa Qurbanlı) bircə İsveçlə oyunun son dəqiqələrində meydana buraxdı. Demirəm ki, Musa iki oyun 90 dəqiqə meydanda olsaydı, hesab başqa cür olacaqdı və yaxud digərləri. Söhbət italiyalının özünün də baş açmadığı "fəlsəfə"sindən gedir. Hələ ötən gecəki matçda Riçard Almeydanı dayaq yarımmüdafiəçisi kimi, Cəlal Hüseynovu isə müdafiənin sağında oynatması...

Millinin rəzil gündə olması birbaşa idarəetmənin "məhsuludur". Bu haqda illərdir deyilir, yazılır, amma dəyişən bir şey yoxdur. Azərbaycanda futbola baxış dəyişməyəcəyi müddətdə belə 0:5-lərə çox şahidlik edəcəyik. AFFA rəhbərliyi tənqidlərə çoxdan öyrəşib. Sosial şəbəkələrdə saxta hesablar açaraq Azərbaycan millisinin belə rüsvayçı nəticələrini mədh edən şəxsləri önə verən federasiya bu yolla qılınclayanlara qalxan tutur. Amma nə vaxta qədər..."

Nihat

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
21:43

Cavid İmamverdiyev bu kluba keçir

21:18

Orxan Sadıqlı "Şəmkir"dən niyə ayrılıb? - SƏBƏB

20:46

"Qalatasaray" Barışın əvəzinə ''Bayern Münhen"in ulduzunu gətirir

20:18

PFL Azərbaycan Kubokunun finalı ilə bağlı qərarını qətiləşdirdi

19:57

Teves Argentina klubunun baş məşqçisi oldu - RƏSMİ

19:15

"Olimpik Lion" Liqa 2-yə göndərilməyəcək - RƏSMİ

18:44

Kim yatmış, kim oyaq? - MPL klublarının yay hazırlığı haqda yazı

18:20

"Araz-Naxçıvan" Türkiyə təmsilçisini 14 cavabsız qolla yendi

17:55

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

17:41

Kamal Quliyev keçmiş oyunçusunu özünə köməkçi götürdü

17:23

"Şamaxı" Səbayılla da vidalaşdı - RƏSMİ

17:05

''Beşiktaş''da ayrılıq yaşanacaq - SON DURUM

16:46

37 yaşlı Allahquliyev bu komandada oynayacaq

16:28

"Sabah"ın Avroliqa oyununa satılan bilet sayı açıqlandı

16:09

"Zirə"nin səfər oyunu italiyalı referiyə tapşırıldı

15:51

"Gəncə"də yeni məşqçi təyinatı reallaşdı

15:33

Ançelottinin oğlu Braziliya klubunun baş məşqçisi oldu

15:15

"Səbail" 2 legionerindən qurtula bilmir

14:56

Madrid nəhəngi hücumçusu ilə bağlı qərarını verdi - SON DURUM

14:22

Muslera Argentina karyerasına məğlubiyyətlə başladı

14:04

"Liverpul"un ulduzu Bodrumda villa alıb

13:45

Azərbaycan millisi Avropa çempionatında növbəti mərhələyə yüksəldi

13:27

"Kəpəz"də növbəti ayrılıq - RƏSMİ

13:08

Riera Bakıya iddialı gəlir - "Yenidən qrup mərhələsində oynamaq istəyirik"

12:50

"İndiki durumda belə planlar qurmaq real deyil" - Vüqar Nadirov

12:31

''İnter''in hücumçusu ''Fənərbağça'' yolunda - Danışıqlar başladı

12:13

"Qalatasaray" ilə "Napoli" Osimhenlə bağlı razılığa gəldi - SON DURUM

11:54

"Dəyişişlik olsun deyə, evi söküb yenidən tikməyə ehtiyac yoxdur" - Vaqif Sadıqov "Sabah"ın oyununu dəyərləndirdi

11:35

"Araz-Naxçıvan"ın ÇL oyunlarının təqvimi bilindi

10:58

"Sele"nin "Sabah"la oyunlar üçün sifariş ərizəsi açıqlandı - SİYAHI

10:41

Cavid İmamverdiyev klubsuz qaldı

10:22

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:04

"Araz-Naxçıvan" Türkiyədə ilk oyununa çıxır

09:45

"Yuventus" Vlahoviçlə bağlı qərarını qətiləşdirdi

09:23

ÇL: "Qarabağ"ın potensial rəqibləri üz-üzə

09:00

İkinci finalçı müəyyənləşir - PSJ "Real Madrid"ə qarşı

01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

Facebookdan bizi izləməyi unutmayın.
X