"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev cari mövsüm sərgilədiyi performans sayəsində xarici klubların da diqqət mərkəzindədir. Adı bir neçə Türkiyə təmsilçisi və Belçika "Anderlext"i ilə də yanaşı çəkilən sol cinah müdafiəçisi ilə bağlı son vəziyyəti dəqiqləşdirmək üçün Ağdam təmsilçisinin direktoru Əmrah Çəlikəllə əlaqə saxladıq.
Onun Fanat.Az-a açıqlaması belə oldu:
"Cəfərquliyevin diqqət mərkəzinə düşməsi barədə mənim də müəyyən məlumatım var. Hansısa klubun agentlər vasitəsi ilə oyunçu ilə maraqlanması adət etdiyimiz haldır. Ancaq nə qışda Elvinlə bağlı təklif almışıq, nə də indi".
Qeyd edək ki, Cəfərquliyev 2019-cu ilin yayından “Qarabağ”da çıxış edir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 36 rəsmi matçda dörd qol və yeddi məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat