Cari mövsüm "Kəpəz"dəki oyunu ilə diqqətləri üzərinə çəkən Abdullahi Şuaybu "Kəpəz"dən ayrılmaqda qərarlıdır.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, bir neçə yerli klubdan real təkliflər alan 21 yaşlı nigeriyalı daha çox maddi gəlir əldə edə biləcəyi komandaya keçmək istəyir.
Düzdür, hazırda Gəncə təmsilçisində ayda təxminən 3 min manat maaşa oynayan Şuaybu mövsüm ərəfəsində 1+1 illik anlaşmaya imza atıb. Ancaq sözügedən forvard yalnız əməkhaqqısı 100 -120 faiz artırılacağı təqdirdə "Kəpəz"də qala bilər.
Qeyd edək ki, Şuaybu cari mövsüm "Kəpəz" forması ilə çıxdığı 26 çempionat matçında 8 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Azərbaycan Kubokunda 2 görüş keçirən afrikalı forvard 1 dəfə rəqib qapısına yol tapıb.
Qeyd edək ki, Abdullahi ilə "Qəbələ" və "Sumqayıt" daha yaxından maraqlanır.
Nihat