"Kəpəz" mövsümün sonunda aparıcı oyunçularından olan Fərid Nəbiyevi itirəcək.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, futbolçu Gəncə klubundan ayrılmaq məcburiyyətindədir.
Buna səbəb müqaviləsindəki bəndin hökmüdür. Belə ki, qərb təmsilçisi ötən yay "Viktoriya" (Jijkov) klubundan transfer etdiyi yarımmüdafiəçiyə görə qarşı tərəfə transfer haqqı ödəmədiyi üçün çexlər anlaşmaya əlavə şərt daxil ediblər. Razılığa görə, Fərid "Kəpəz"lə müqaviləsini daha bir illiyinə uzadıb qalarsa, "Viktoriya"ya təzminat ödəməlidir. Baxmayaraq ki, futbolçu "sarı-göylər"ə azad agent kimi gəlib.
Beləliklə, "Kəpəz" çexiyalıların istədiyi yüksək təzminatı ödəməsə, Fərid avtomatik olaraq Gəncə təmsilçisində qala bilməz. İndiki şərtlərlə isə qərb təmsilçisi bu transfer haqqını ödəmək iqtidarında deyil. "Transfermarkt" Nəbiyevin qiymətini 175 min avro qiymətləndirib.
Fərid Nəbiyev bu mövsüm "Kəpəz"in heyətində 26 Premyer Liqa və kubok matçına çıxıb, 6 qola imza atıb.
Mirağa