"Şamaxı" - "Sumqayıt" matçını (0:0) 150-ə yaxın qonaq azarkeş izləyib.
Fanat.Az-ın Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, oyunun sonunda fanatlarla komandanın üzvləri arasında narazılıq yaşanıb.
Belə ki, hakimin final fiti səslənən kimi əksər futbolçuların paltardəyişmə otağına yollanması, onları dəstəkləmək üçün uzun yol qət edən azarkeşlərin xoşuna gəlməyib. Biganə münasibətə etiraz bildirən tərəfdarları "Sumqayıt"ın kapitanı Vurğun Hüseynov sakitləşdirib. O, təkidlə bütün futbolçuları geri səsləyib və hamısını meydana qaytarıb. Bundan sonra komanda sumqayıtlı azarkeşlərin yer aldıqları tribunanın önünə gələrək dəstəyə görə onlara minnətdarlıqlarını çatdırıblar. Vurğun hələ də hirsi soyumayan bir neçə fanata səslənərək: "Qardaşlar, üzr istəyirik, böyütməyin. Bura qədər gəlib bizi dəstəklədiyiniz üçün sağolun" - deyərək, onların da könlünü ələ alıb.
Bu vaxt cəza səbəbindən matçı buraxan "Sumqayıt"ın iki təcrqbəli üzvü Vüsal İsgəndərli və Vüqar Mustafayev də azarkeşlərə yaxınlaşaraq aradakı buzların əriməsinə yardımçı olublar.